
Gununsesi.org bildirir ki,BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə bir sıra hüquqi islahatlara ehtiyac olduğunu deyib.
Onun sözlərinə görə, ölkədə qanunların aliliyinin təmin olunması istiqamətində paralel addımlar atılmalı və məhkəmə islahatları həyata keçirilməlidir: “Məsələn, indi ölkədə 8 dövlət orqanının istintaq departamenti var. Bunların hamısı birləşdirilməlidir. Baş Prokurorluğun tabeçiliyində vahid dövlət İstintaq Komitəsi yaradılmalıdır. Yəni hər hansı bir cinayət faktını aşkar edən orqan həmin materialları istintaq aparılması üçün Dövlət İstintaq Komitəsinə göndərilməli və araşdırma burada getməlidir. Bu, həm də əsassız cinayət işlərinin, təqiblərin qarşısını alacaq. Çünki eyni orqan həm cinayət faktını aşkar edir, həm də onun istintaqını aparır. Amma burada cinayət faktını aşkarlayan istintaqının aparılması üçün onu başqa orqana göndərir”.
Millət vəkili deyib ki, bundan əlavə, hakimlər ömürlük seçilməlidir: “İkincisi, hakimlər yalnız cinayət törətdiyinə görə onlar vəzifəsindən kənarlaşdırıla bilər. Amma indi bizdə intizam məsuliyyətinə cəlb etməklə hakimləri vəzifədən kənarlaşdırırlar. Hətta ədliyyə naziri dedi ki, Məhkəmə-Hüquq Şurası formalaşandan sonra 120-yə qədər hakim vəzifəsindən kənarlaşdırılıb, bu, dəhşətli statistikadır. Bu qədər hakimi necə vəzifəsindən kənarlaşdırmaq olar? Ona görə də hakimlərin tam müstəqilliyi təmin olunmalıdır. Hakimlərin maddi təminatı olmalıdır. Söhbət 600 hakimdən gedir. Hesab edirəm ki, 600 hakimin hər birinə indiki reallıqda ən azı ayda 10 min manat məvacib verilməlidir və ehtiyacı olanlar mənzillə təmin olunmalıdır. Onlardan da tələb olunmalıdır ki, qanunları göz bəbəyi kimi qorusunlar, ədalətli qərarlar qəbul etsinlər. Bax, bizdə 120 hakim qanunu pozduğuna görə vəzifədən kənarlaşdırılıb. Bunların neçəsi həbs olunub? Hesab edirəm 120 hakim qanunu pozduğuna görə cəzalanıbsa, 120-si də məsuliyyətə cəlb olunmalıdır. Yəni onlar həbsə atılmalı idi”.
Gununsesi.org












