Deputat Vahid Əhmədov mətbuata müsahibəsində prezidentin bölgələrə səfərlərində deputatların iştirak etməməsindən narazılığını ifadə edib.
Deputat bildirib ki, əvvəllər prezident rayonlara səfər edəndə millət vəkillərini çağırsalar da, indi belə deyil: “Biz kifayət qədər təcrübəli insanlar kimi, orada cənab prezidentlə görüşür və bölgədəki iqtisadi-siyasi vəziyyət barədə də danışırdıq. Amma görünür, bu, bəzi iqtidar nümayəndələrinə sərf eləmədi və deputatları bu görüşlərdən kənarlaşdırdılar. Bunu düzgün hesab etmirəm. Prezident rayonlara səfər edirsə, o rayonların deputatları da prezidentin yanında olmalıdır. Mən kifayət qədər siyasətdə olan, ölkədəki ictimai-siyasi vəziyyəti analiz etməyi bacaran adamam. Cənab prezidentin, həmçinin birinci vitse-prezidentin əhali ilə görüşməsi çox vacibdir. Orada müəyyən şikayətlərin də olması, məktubların da verilməsi normaldır. Amma bəzi iqtidar nümayəndələri xof yaradırlar. Hamımız müşahidə etdik ki, həm Şamaxı, həm Gəncə, həm Beyləqandakı görüşlərdə əhali necə razı idi. Belə görüşlər çox olmalıdır”.
Onun bu fikirlərinə digər deputat həmkarlarından da fikir aldıq. “Yeni Müsavat”a danışan deputatlar da təsdiq etdilər ki, son zamanlar prezidentin bölgələrə olan səfərlərinə dəvət almırlar.
Deputat Aqil Abbas bildirdi ki, əvvəllər prezidentin səfərləri zamanı bir neçə dəfə iştirakçı olub, ona əhalinin problemlərini çatdırıb: “Xüsusilə də Ağcabədi, Ağdamda dəfələrlə prezidentin səfərlərində iştirak etmişəm. Bu səfərlər çox maraqlı olub. Əvvəla, cənab prezident şərait yaradır ki, ona səmimi qaydada sözünü deyəsən. Yaxşı qayda mövcud idi, ancaq niyə dayandırılması ilə bağlı məlumatım yoxdur. Bizim təkliflərimizin rayona köməyi dəyirdi. Belə hallar çox olub, sadəcə olaraq, saymaq istəmirəm. Bunun dayanmasının bir səbəbini deyim. Bəzi rayonlar var ki, orada deputatla icra başçısı arasında münasibət yaxşı deyil. Hər zaman belə hala gülürəm. Mənim şəxsən bütün insanlarla münasibətim yaxşı olub. Başçı da, vəzifəli şəxs də, adi vətəndaş da mənim üçün eyni adamdır. Hamısı ilə mehribanam”.

A.Abbas bildirib ki, son zamanlar televiziya ekranlarından gördüyümüz prezidentin xalqla səmimi görüşünü əks etdirən mənzərə əslində hər zaman olub:
“Neçə dəfə səfərdə olmuşuq, hamısında prezident əhali ilə bu formada səmimi şəkildə görüşüb. Sadəcə olaraq, televiziyalar bunun protokol hissəsini çəkib verirlər. Mən hər zaman baxırdım ki, görüşdə özüm də iştirak etmişəm, orada tamamilə başqa vəziyyət olub, ancaq televiziyada iki-üç nəfərin çıxışını göstərirlər. Protokol hissəsindən sonra hər dəfə prezident başlayır xalqla səmimi söhbət etməyə. Onların problemlərini soruşur, səmimi zarafatlar edir. Bunun dəfələrlə şahidi olmuşam. Həmin görüşlərdə şikayəti olan şikayətini deyir, məktub vermək istəyən məktubunu verir. Bir dəfə prezident Ağcabədidə Kəbirli yolunu açırdı. Təxminən 20-25 kilometr yoldur və bir neçə kəndi birləşdirir. Açılışdan sonra kəndin adamları bir yerə yığılıb, möhtərəm prezidenti gözləyirdilər. Onlarla prezident səmimi söhbət etdiyi vaxt, təxminən 50 metr aralıda 20-25 adamın dayandığını gördük. Onlar bu camaata qarışmırdılar. Birdən prezident onlara tərəf baxdı və bildirdi ki, siz nə üçün aralıda dayanmısız? Onları çağırdı. Camaat dedi ki, bu kəndlərdən deyil, qonşu kənddənik. Bildirdilər ki, bu yolu çəkdirdiyiniz üçün təşəkkür edirik. Ancaq bizim kəndin də yolu yaxşı deyil. Prezident dərhal göstəriş verdi ki, kəndin yolu çəkilsin. Orada da cənab prezident əhali ilə səmimi söhbət etdi. Bu kimi kadrların heç biri televiziyada verilmədi. Yəni son zamanlar verilən kadrlardan belə çıxmasın ki, bu, əvvəllər olmayıb. Xeyr, prezident hər zaman şərait yaradıb ki, əhali öz sözünü deyə bilsin. Mən də həmin zaman təkliflərimi, fikirlərimi demişəm”.

Deputat Fəzail Ağamalı bildirdi ki, o da prezidentin səfərlərinə deputatların dəvət olunmasının tərəfdarıdır:
“Məlumatlı deyiləm ki, deputatların görüşlərə getməsinə hansı səbəbdən son qoyuldu. Millət vəkillərinin deyərdim ki, yüzdə-yüzü siyasi mövqeyindən asılı olmayaraq, ölkə prezidentinin həyata keçirmiş olduğu siyasəti yüksək səviyyədə qiymətləndirən siyasətçilərdir. Eyni zamanda seçicilərlə görüşdə də ölkə prezidentinin siyasətinin seçicilər tərəfindən müdafiə olunması təbliğatını bir daha önə çəkirlər. Bu gün Milli Məclis bütövlükdə dövlətçiliyimizin yanındadır, cənab prezidentlə bərabərdir. Bu, birmənalıdır. Yaxşı olardı ki, cənab prezidentin regionlara səfərlərində deputatlar da olsunlar. Ola bilsin ki, hansısa deputat protokol qaydalarını pozub, uyğun addımlar atmayıbsa, ona fərdi yanaşmaq lazımdır. Mən də tərəfdarıyam ki, cənab prezidentin olduğu səfərlərdə iştirak edək. Şəxsən mənim özüm cənab prezidentlə ünsiyyət üçün darıxmışam. Bu ünsiyyətdən sonra daha da stimullaşıram, böyük enerji alıram. Çünki cənab prezidentin çox yüksək pozitiv enerjisi, yüksək aurası var. Çox istərdim ki, cənab prezidentimiz Salyan rayonuna gedəndə mən də görüşdə iştirak edib, onu müşayiət edənlərdən biri olum”.












