AzTV ötən ili zərərlə başa vurub – AUDİT AÇIQLAMASI

  • Müəllif: Firuzə
  • 28 Oktyabr 2026 23:01

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 2025-ci ili 4 milyon 221 min manat zərərlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 2 milyon 858 min manat və ya təxminən 3,1 dəfə çoxdur.

Gununesi.info  Marja-ya  istinadən xəbər verir ki, bu barədə AzTV-nin 2025-ci il üzrə müstəqil auditor tərəfindən yoxlanılmış maliyyə hesabatında bildirilir.
Hesabatın kapitalda dəyişikliklər bölməsinə əsasən, şirkət 2024-cü ildə 1 milyon 363 min manat zərər etmişdi. Beləliklə, AzTV-nin illik zərəri bir ildə təxminən 210 faiz artıb.
Qeyd edək ki, hesabatda mənfəət və zərər haqqında səhifə görünmür. İllik zərər kapitalda dəyişikliklər haqqında hesabatdan götürülüb. Buna görə də xəbərdə gəlirlər və xərclər üzrə ayrıca rəqəmlər göstərilməyib.
Aktivlər artıb, kapital azalıb
2025-ci il dekabrın 31-nə AzTV-nin cəmi aktivləri 35 milyon 663 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 34 milyon 163 min manatla müqayisədə 1 milyon 499 min manat və ya 4,4 faiz çoxdur.
Şirkətin uzunmüddətli aktivləri 30 milyon 82 min manatdan 29 milyon 618 min manata geriləyib. Cari aktivləri isə 4 milyon 81 min manatdan 6 milyon 44 min manata yüksəlib.
Hesabat dövründə şirkətin kapitalı 31 milyon 823 min manatdan 27 milyon 602 min manata düşüb. Beləliklə, AzTV-nin kapitalı bir ildə 4 milyon 221 min manat və ya 13,3 faiz azalıb.
Cəmiyyətin nizamnamə kapitalı dəyişməyərək 10 milyon 725 min manat səviyyəsində qalıb.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin səhmlərinin 100 faizi Azərbaycan dövlətinə məxsusdur.

Gununesi.info