Azərbaycanda QHT-lərin qeydiyyat problemi beynəlxalq hesabata düşdü

  • Müəllif: admin
  • 22 Fevral 2019 21:54

Azərbaycan “qeyri-hökümət təşkilatlarının (QHT) hüquqlarının pozulduğu” ölkələr sırasına daxil edilib.

Bu barədə Amnesty International beynəlxalq hüquq-müdafiəsi təşkilatının “Susmağa məcbur etmək üçün hazırlanan qanunlar: Vətəndaş Cəmiyyəti Təşkilatlarının Qlobal Çöküşü” adlı yeni hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, ötən il dünyada bir çox hökumətlər məhdudlaşdırıcı qanunlar tətbiq etməklə QHT-lər və onların əməkdaşlarını hədəfləyən bürokratik əngəllər və həbs təhlükəsi yaratmaqla hücumları artırıb.

Cümə axşamı günü dərc olunan hesabatda QHT-lərə qarşı sərt qanunlar tətbiq edən 50 ölkə qeyd olunub.

Hesabatda Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasına daxil edilib. Sənədə görə, ölkəmizdə QHT-lərin qeydiyyatı sahəsində ciddi maneələr var.

Hesabatda Pakistan, Belarus, Səudiyyə Ərəbistanı, Misir, Macarıstan, Rusiya, ABŞ, Birləşmiş Krallıq, Avstraliya və bir çox digər ölkələrdə də QHT-lərə qarşı sərt qanunların tətbiq edildiyi və onların sıxışdırıldığı qeyd edilir.

Azərbaycan rəsmiləri ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət göstərməsi üçün heç bir maneənin, məhdudlaşdırmanın olmadığını bəyan edirlər.