Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq - ZURABİŞVİLİ ƏLİYEVLƏ GÖRÜŞDÜ

  • Müəllif: admin
  • 27 Fevral 2019 13:34

“Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm”.

Gununsesi.org xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.

“Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.

Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm”, – dövlət başçısı vurğulayıb.

Gürcüstan prezidenti deyib ki, iki ölkənin əməkdaşlığı onlar üçün çox əhəmiyyətlidir: “İlk növbədə, bizi böyük tarix, ənənələr birləşdirir. Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq. Bunlar bizim dövlət quruculuğumuza təsir etdi. Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq. Bizim yolumuz müstəqillik yoludur və belə də davam edəcəyik. Bunlar böyük uğurlardır. Şadam ki, buradayam. Çünki bizim həm keçmiş, həm də gələcək haqqında çox söhbətlərimiz var. Bizim regionumuz çox böyük perspektivlərə malikdir”.