
Bu gün Kübra Fərəcova adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunda Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbir keçirilib.
Səhiyyə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində respublika üzrə müayinələrdən keçmiş uşaqlar haqqında 9 aylıq hesabat acıqlanıb.
Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevain şəxsi təşəbbüsü ilə 2013-cü ilin martında “Uşaqların İcbari Dispanserizasiyası haqqında” qəbul edilmiş Qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir.
Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilirlər.
Hazırda Azərbaycan Respublikasında 0-18 yaşadək uşaq əhalisinin sayı –2 588 959 nəfərdir.
2016-cı ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçirilib. Tibbi müayinədən keçirilmiş uşaqların 87 288 (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. Sağlamlığında müxtəlif problemlər aşkarlanmış 227 955 (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib.
Onlardan 14 345 nəfəri (0,9 %) hospitalizasiya olunmuş, 4569 nəfəri isə sanator müalicəyə göndərilib.
Anar
Gununsesi.info









