
2017-ci il Azərbaycan iqtisadiyyatı üçün heç də asan il olmayacaq.
Bunu Gununsesi.info-ya açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, istənilən halda növbəti il asan olmayacaq.
“Ancaq hökumət bu yaxınlarda qəbul etdiyi “Strateji Yol Xəritəsi”ndən istifadə etməklə, kompleks iqtisadi islahatlar həyata keçirməklə iqtisadi tənəzüldən xilas ola bilər. Kompleks iqtisadi islahatların həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatındakı xoşagəlməz halları aradan qalrımaq və iqtisadiyyatın diversifikasiyasına nail olmaqla yaranmış böhranlı durumdan çıxamaq olar”- deyə, V. Bayramov vurğulayıb.
V.Bayramovun fikrincə, hökumətin “Strateji Yol Xəritəsi”nin əsas hədəfi ölkədə iqtisadiyyatı liberallaşdırmaq, iqtisadiyyatı şaxələndirilməkdir ki, bunun da nəticəsində monopoliyanı aradan qaldırmaq olar:
“Əgər Azərbaycan iqtisadiyyatı liberallaşdırılarsa, monopoliya avtomatik aradan qalxacaq. Yəni, iqtisadi islahatlarla monopoliyanı aradan qaldırmaq mümkündür. Bunun da yeganə yolu iqtisadiyyatın şaxələnidrməklə liberallaşdırılmasıdır. Əgər bu “Strateji Yol Xəritəsi” nəzərdə tutulduğu kimi həyata keçirilərsə, o zaman həm ölkə iqtisadiyyatının neftdən asılılığı tezliklə aradan qalxaraq, davamlı iqtisadi inkişaf yoluna qədəm qoyacaq, həm də monopoliya aradan qalxacaq”.
2017-ci ildə manatın taleyinə gəldikdə isə V. Bayramov bildirib ki, gələn il manat üçün heç bir halda asan il olmayacaq və manatı ciddi sınaqlar gözləyir:
“Manatın taleyi Mərkəzi Bankın həyata keçirəcəyi siyasətdən asılı olacaq. Əgər Mərkəzi Bank düzgün siyasi kurs götürüb qısa zamanda manatın bazarda real qiymətini alması istiqamətində addımlar atacaqsa, o zaman manatın liberallaşması ağrısız keçəcək. Əks təqdirdə, manatın sıçrayışla dəyərini itirməsi mərhələsinə qədəm qoyulacaq. Ona görə də Mərkəzi Bank manatı qorumaq üçün liberal məzənnəyə keçməlidir və bunun digər alternativi yoxdur. Mərkəzi Bank digər yola əl atacaqsa, o zaman bu siyasət uğur qazana bilməyəcək və manat sürətlə dəyərdən düşməyə başlayacaq”.
Ona görə ekspert hesab edir ki, Mərkəzi Bank həm ölkə iqtisadiyyatını, həm də milli valyutanı qorumaq üçün manatın çevik liberallaşdırılması siyasətini həyata keçriməklə bazarda real dəyərini almasına nail olmalıdır.
“Çevik siyasət həyata keçirilərsə, yəni, bazarda pul kütləsini məhdudlaşdırmadan həyata keçirərsə, o zaman manat real qiymətini alacaq və bundan da ölkə iqtisadiyyatı udacaq. Yox, bu siyasətinin əksi olacaqsa, bir daha təkrar edirəm ki, biz manatın sıçrayışlı dəyərsizləşməsinin şahidi olacağıq”- deyə, V. Bayramov bildirib.
2017-ci ildə qiymətlərə gəlincə, ekspert bildirib ki, qiymət artımı müşahidə olunacaq və real inflyasiya ikirəqəmli olacaq:
“Qiymətlərin artması qaçılmazdır və proqnozlar əsasən inflaysiya ikirəqəmli olacaq. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi bunu birrəqəmli olacağını bildirir. Ancaq real inflaysiya ikirəqəmli olacaq. Elə biz Statistika Komitəsinin rəsmi məlumatlarına istinad etsək arqumentimizi əsaslandıra bilərik. Ölkəyə istehlak məhsulunun 74 faizi idaxl olunur. Bu da istər-istəməz manatın məzənnəsinə təsir edən amildir. İdxalat manatın məzənnəsinə təsir etdiyindən də inflyasiyanın artması qaçılmaz prosesdir”.
Ekspert vəziyyətdən çıxış yolu kimi Azərbaycan hökumətinin təcili və təxirəsalmadan 2017-ci ildə “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan fəaliyyət planlarını tədricən real olaraq həyata keçirməkdə görür.
O, hesab edir ki, “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan planlar olduğu kimi həyata keçirilərsə, yaxın gələcəkdə ölkə iqtisadiyyatında ciddi dönüş olacaq:
“Çünki yol xəritəsində nəzərdə tutulan planlar konkret illər ərzində həyata keçirilməsini, həmçinin, bu planları qiymətləndirmək üçün qiymətləndirmə indikatorlarını da nəzərdə tutur. Məhz bu indikator qiymətləndirmə ümid verir ki, nəzərdə tutulan fəaliyyət planları uğurla və zamanında həyata keçiriləcək. Biz bu yolla həm iqtisadiyyatın inkişafına, həm monopoliyanın aradan qalxmasına, həm də liberallaşmaya nail ola bilərik”.
Mürtəza
Gununsesi.info











