
Azərbaycanın iki böyük qonşusu 2018-ci ili ABŞ sanksiyaları altında başa vurdu. Ötən il Rusiya və İran iqtisadiyyatı sanksiyalar üzündən ciddi zərərlərlə üzləşdilər. Görünən odur ki, sanksiyalar bu il də davam edəcək. Bu şəraitdə qonşularımızı nə gözləyir: iqtisadi problemlər siyasi-sosial çaxnaşmalara gətirib çıxara bilərmi?
Sualı cavablandıran politoloq Şahin Cəfərli deyir ki, 2018-ci il Rusiya və İran üçün asan keçmədi və hər iki ölkə 2019-cu ilə heç də pozitiv əhvalda başlamayıb: “Rusiya iqtisadiyyatı hazırda faktiki olaraq staqnasiya, yəni durğunluq vəziyyətindədir. Rəsmi məlumata görə, 2018-ci ilin ilk 3 rübündə (yanvar-oktyabr dönəmi) Ümumi Daxili Məhsulun artım tempi cəmi 1,7 faiz təşkil edib. Son rübün rəqəmləri hələ açıqlanmayıb, amma hökumət bütövlükdə 2018-ci il üçün artım tempi üzrə proqnozunu 2,1 faizdən 1,8 faizə salıb. Hesablama Palatasının sədri Aleksey Kudrin isə bu rəqəmə də şübhə edərək artımın 1,6 faiz həddində ola biləcəyini söyləyib. 2019-il üzrə ÜDM-in artımını hökumət 1,3 faiz səviyyəsində proqnozlaşdırdığı halda A.Kudrinin fikrincə, bu rəqəm 1 faiz, hətta ondan da aşağı səviyyədə gözlənilir. Moskvadakı ”Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqatlar Universitetinin ekspertləri yaxın 3 ildə Rusiyada iqtisadi böyümənin 1,6 – 1,9 faizdən çox olmayacağını bildirirlər. Ölkədən kapital çıxışı da güclənib. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2018-ci ilin yanvar-oktyabr aylarında 44,2 milyard dollar həcmində kapital çıxışı qeydə alınıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. İlin yekunları əsasında qaçan kapitalın 66 milyard dollar təşkil edəcəyi gözlənilir”.

Ş.Cəfərlinin sözlərinə görə, Qərblə münasibətlərdə böhranın davam etməsi və gözlənilən yeni sanksiyalarla əlaqədar xarici biznes və sərmayədarlar Rusiyanın gələcəyinə skeptik yanaşır: “Çox vaxt sanksiyaların Rusiyaya nə qədər ziyan vurduğu haqda konkret hesablamalar aparılır, Kremlə yaxın media bu zərərin yüksək olmadığını və ölkənin sanksiyalara davam gətirdiyi haqda nikbin yazı və təhlillərlə çıxış edir. Halbuki problem təkcə sanksiyaların özü yox, həm də onun dolayı və gözə görünməyən təsirləridir. Hesablama aparılarkən dolayı təsirlər nəzərdən qaçırılır. Başlıca problem budur ki, Qərblə münasibətlərin hazırkı durumu Rusiya iqtisadiyyatı üçün ən azı qeyri-müəyyənlik yaradır, sanksiya rejiminin ağırlaşdırılması ehtimalı ölkədəki biznes mühitini korlayır. Heç bir əcnəbi sərmayədar belə bir vəziyyətdə öz kapitalını Rusiyaya gətirmək istəmir və bu ölkə ilə uzunmüddətli əməkdaşlıqdan qaçır. Məsələn, sanksiyaların tətbiqindən əvvəlki il – 2013-cü ildə Rusiya iqtisadiyyatına birbaşa investisiyaların həcmi 69,2 milyard dollar olmuşdusa, 2017-ci ildə bu rəqəm yarıbayarı azalaraq 26,7 milyard, 2018-ci ilin ilk yarısında isə cəmi 7,3 milyard dollar təşkil edib. Daxil olan məhdud investisiyanın böyük hissəsi isə rusiyalı iş adamlarının xaricdə saxladıqları vəsaitlərdir. Yəni Qərbdən, eləcə də Moskvanın gözləntilərinə əks olaraq, Çindən investisiyalar faktiki olaraq dayanıb. Yeganə müsbət məqam kimi xarici borcun və inflyasiyanın nisbətən aşağı səviyyədə olmasını göstərə bilərik. 2018-ci ildə yüksək neft qiymətləri də Rusiyanın nəfəs almasına imklan verdi”.
Politoloqa görə, mövcud geosiyasi fon 2019-cu ildə Rusiya üçün yaxşı heç nə vəd etmir: “Yaxın həftələrdə Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller təhqiqatını yekunlaşdıracaq. Bu təhqiqat Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını aktuallaşdıracaq. Məlum olduğu kimi, Konqres 2017-ci ildə Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi haqqında qanun (CAATSA) qəbul edib. Bu qanun çərçivəsində artıq bir sıra sanksiya qərarları qəbul olunub və 2019-cu il ərzində də yeni sanksiyaların tətbiqi gözlənilir. Qanunun əsas özəlliyi budur ki, təkcə Rusiya vətəndaşları və şirkətlərinə deyil, onlarla iş quran üçüncü tərəflərə də sanksiyaların tətbiqi nəzərdə tutulur. CAATSA-nın tələblərinə uyğun olaraq sanksiya tətbiq olunacaq rusiyalı iş adamları, dövlət şirkətlərinin rəhbərləri və siyasətçilərdən ibarət ”Kreml siyahısı” hazırlanıb və 2018-ci ilin aprelində ABŞ Maliyyə Nazirliyi bu siyahıdakı 7 oliqarxı özünün SDN (Specially Designated Nationals) siyahısına daxil edərək onlara sanksiya tətbiq edib. Nəticədə oliqarxlar Oleq Deripaska və Viktor Vekselberqə aid nəhəng korporasiyaların (“Rusal” və “Renova”) taleyi sual altına düşüb. Bu il SDN siyahısının genişləndirilməsi istisna edilmir. Bu siyahı çox təhlükəlidir və oraya düşmək həmin iş adamının biznesinin məhvi deməkdir. Digər tərəfdən, Konqresdə Rusiyanın qiymətli kağızlarına, dövlət banklarına sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihələri də hazırlanıb. Ötən il Konqresə seçkilər keçirildiyi üçün əsas diqqət seçki kampaniyasına yönəldi və digər məsələlər arxa plana keçdi. Seçkilər yekunlaşdı və demokratlar Nümayəndələr Palatasında çoxluq qazandı. Bu isə şübhə yeri qoymur ki, Rusiyaya yönəlmiş siyasət daha da sərtləşəcək, çünki demokratlar 2016-cı il seçkilərindəki məğlubiyyətlərinə görə Rusiyanı günahlandırırlar və bunu Kremlə bağışlamayacaqlar. Bundan başqa, Rusiya kəşfiyyatının sabiq zabiti Sergey Skripal və qızının Britaniyada zəhərlənməsi faktı üzrə yeni sanksiyaların tətbiqi də gündəmdədir. ABŞ bu hadisəyə görə sanksiyaların ilk mərhələsini artıq tətbiq edib, ikinci mərhələ daha ağır olacaq. Eyni mövzu üzrə Britaniya hökuməti tərəfindən də Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini gözləmək olar. Xüsusən “Brexit” baş verdikdən, yəni Britaniya Avropa Birliyindən çıxdıqdan sonra London öz siyasətini Brüssel ilə koordinasiya etmək məcburiyyətindən xilas olaraq xarici siyasətdə müstəqilləşəcək. Bu da Moskva üçün əlavə başağrısı olacaq, çünki anqlo-sakson ittifaqından fərqli olaraq, Almaniya və Fransa Rusiya ilə bağlı daha ehtiyatlı siyasətin tərəfdarıdır, məhz bu səbəblə AB sanksiya rejimini ağırlaşdırmağa tələsmir”.
İrana gəldikdə isə, ABŞ İran neftinin əsas alıcıları olan 8 ölkənin (Türkiyə, Çin, Hindistan, İtaliya, Yunanıstan, Cənubi Koreya, Yaponiya, Tayvan) hələlik bu ölkədən neft idxalını davam etdirməsinə icazə versə də, artıq İranın neft hasilatında ciddi azalma qeydə alınıb: “Belə ki, 2018-ci ilin noyabrında İranda hasilat oktyabr ayı ilə müqayisədə 11 faiz azalaraq sutkada 2,954 milyon barel təşkil edib. Adı çəkilən 8 ölkə idxalı dayandırdıqdan sonra vəziyyət daha da çətinləşəcək, çünki neft gəlirləri İran büdcəsi üçün başlıca gəlir mənbəyi olaraq alır. İranın sanksiyaların qüvvədə olduğu illər ərzində iqtisadiyyatını diversifikasiya etdiyi barədə fikirlər yanlışdır, neftən asılılıq davam edir. Ötən ilin son aylarında İranda inflyasiya 30 faizə yüksəlib. Rialın məzənnəsi 50 faizdən çox aşağı düşüb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, 2018-ci ilin yekunlarına əsasən ÜDM-də 3 faiz, 2019-cu ildə isə 3,6 faiz azalma baş verəcək. Yəni iqtisadiyyat kiçilir. İranda martın ortalarından başlayacaq yeni maliyyə ili üçün hazırlanan büdcə layihəsində gəlirlərin 3,7 faiz azalacağı, mədaxilin 2086 trilyon rial, kəsirin 1120 trilyon rial təşkil edəcəyi proqnozlaşdırılır. Lakin hökumət çalışır ki, böhran insanların gündəlik həyatına çox da təsir etməsin, bu məqsədlə zəruri istehlak mallarının qiymətlərini stabil saxlamaq üçün 14 milyard dollar subsidiya ayrılması planlaşdırılır. Prezident Ruhani büdcə təşkilatlarında çalışanların maaşlarının, eləcə də təqaüdlərin 20 faiz artırılmasını da vəd edib. Bu tədbirlərin sosial gərginliyi nə dərəcədə azaldacağını görəcəyik. İstənilən halda, İran xalqını ağır il gözləyir”.










