ABŞ Şimali Koreyanı total məhv etmək gücünə malikdir - AMERİKALI NAZİR

  • By admin
  • 04 Sentyabr 2017 14:50

1DE42AC2-AAF2-4D32-B01D-7E231149352D_w1023_r1_s

“Biz bir ölkənin, konkret olaraq Şimali Koreyanın total məhvini istəmirik, ancaq bizim bunu etmək üçün çox sayda seçimlərimiz var”.

Gununsesi.info “amerikanınsesi”nə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Ceyms Mattis prezident Donald Tramp və vitse-prezident Mayk Penslə görüşün ardınca Ağ Evin qarşısında belə bir bəyanatla çıxış edib.

Mattis deyib ki, prezident Tramp Şimali Koreyadan qaynaqlanan nüvə təhlükəsinin qarşısını almaq üçün “çox sayda seçimin” hər biri haqda məlumatlandırılmasını istəyib.

“Bizim müttəfiqlərimiz qarşısında öhdəliyimiz möhkəmdir. ABŞ Quam da daxil olmaqla onun ərazilərinə və müttəfiqlərimizə qarşı hər hansı bir hədəyə kütləvi hərbi cavabla qarşılıq verəcək”- deyə amerikalı nazir vurğulayıb.

Mattis Şimali Koreya lideri Kim Çen İni BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramına qarşı yekdilliklə qəbul etdiyi mövqeni nəzərə almağa çağırıb. O, eyni zamanda ABŞ-ın hərbi potensialını vurğulayıb.

ABŞ prezidenti Donald Tramp Pxenyanı indiyə qədər keçirdiyi ən böyük nüvə sınağına görə qınayıb və Şimali Koreyanı “rəzil ölkə” adlandırıb. Tramp bildirib ki, Şimali Koreyanın “sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir”.

Tvitter səhifəsində yazdığı bir neçə mesajda ABŞ lideri Şimali Koreyanı Çin üçün böyük təhlükə adlandırıb və Pekinin problemin həll edilməsinə çalışsa da buna az uğurla nail ola bildiyini bildirib.

Gununsesi.info