Ağıllı insan nədən tanınır?

  • By admin
  • 21 Yanvar 2020 17:46

Bismilləhir-Rahmənir-Rahim!

Bu dünya həyatında insanlar bir neçə cürdür. İnsanlar var ki, əqlin inkişafı üçün motivlidirlər və ağıllarının inkişafına, əqli tərəqqiyə can atırlar. Bu insanlar bəzən ağılla davranır, bəzən isə davranmırlar.

İnsanlar da var ki, onlar artıq aqildirlər. Əql onların varlığında bir sabit hal vəziyyətindədir. Əqil o insanlara deyilir ki, onların varlığında ağıl mələkə halına gəlib çatıb. Onlar ağıllı davranmanı bir davamlı vəziyyətə gətirib çıxardıblar.

Əqil o insanlara deyilir ki, onlar iradə ilə, şüurla bu xüsusiyyətin özlərində davamlı olmasına nail olublar.

 

 

Əqil insan kimdir?

Bir də var əqilə insanlar. Bu ləqəb əziz İslam Peyğəmbərinin (s) nəvəsi Xanım Zeynəbə (s.ə) verilib. “Əqilə” sözü “əqil” sözünün qadın cinsi mənasında deyil. Burada əqil sözündən sonra gələn sait – İslam mütəxəssislərinin rəyinə görə, şiddəti bildirir. Əqil o mənadadır ki, bir şeyin tam mənada olmasına, həqiqətinə sahib olmasını bildirir. Bu mənada əqilə isə o şəxsə deyilir ki, əqil onun həqiqətində daha güclü yer tapıb.

 

Məntiq elmində də nəyəsə tərif verərkən, o varlığın həqiqətində olan keyfiyyət və xüsusiyyətlərlə tərif verilər. Əgər əqil gəlib insanın həqiqətində yer taparsa, həqiqətinin ayrılmaz hissəsi olarsa – o insana əqilə deyilər. Yəni Həzrət Zeynəb (s.ə) bir şəxsdir ki, ağıl onun həqiqətində yer tapıb.

 

 

Cənnət ağılla qazanılar

Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: “Ey Əli! Ağıl o şeydir ki, onun vasitəsilə cənnəti və mehriban Allahın razılığını əldə etmək olur”.

Peyğəmbərimizin (s) buyuruşundan başa düşülür ki, insanın cənnəti qazanması, Allahın razılığını əldə etməsi – ağılla mümkündür. O ağıldır ki, insanı ayıldır, qəflətdən oyanış verir, bəsirət verir, şüur, dərk verir və insanın kimliyini, bura dünyanın müvəqqətiliyini anladır.

Məhz ağılla dərk edirik ki, bura – müvəqqətidir, bura – əkin yeridir, buradan sonra biçin var və bu biçinə hazırlaşmalıyıq. İnsan anlayır ki, bura imtahanlı dünyadır və qarşıda nəticələr var. Bu, ağıldır ki, insana anladır ki, Allahın qəzəbinə səbəb olan və Allahın razılığına səbəb olan işlər var.

Ona görə, Peyğəmbərimiz (s) Həzrət Əliyə (ə) ağılın faydalılığını, önəmini və əhəmiyyətini çatdırır. Ağıl – həlledici mövzudur.

 

 

İmandan sonra ağılın kamalının göstəricisi – insanlarla gözəl davranışdır

Yenə də Peyğəmbərimizdən (s buyuruşda gəlir: “Allaha imandan sonra ağılın kamalı budur ki, insanlarla yola gedilsin. Bir şərtlə ki, həqq tərk olunmasın”.

Ağılın müxtəlif dərəcələri, mərtəbələri var. Sözsüz ki, Allaha iman gətirmək – ağılın ən kamil vəziyyətidir. Ağıllı adamın ən bariz nümunəsi, göstəricisi budur ki, insan Allaha iman gətirsin. Çünki, ağıl gətirib ona çıxardır ki, biz anlayaq ki, biz – ehtiyaclıyıq, biz yaranmışıq, bizi bir Yaradan var, biz elə-belə mövcud deyilik, biz seçimli varlığıq.

İmanın meydana gəlməsi – ağılın ən ciddi nəticələrindən biridir. Bu, ağılın kamalını, yetkinliyini göstərir.

 

Allaha iman gətirdikdən sonra ağılın yetkinliyini göstərən növbəti praktik keyfiyyət odur ki, insanlarla yola gedilsin. Təbii ki, əziz Peyğəmbərimiz (s) bir şərti də vurğulayır ki, həqq tərk olunmamalıdır. Bütün hallarda insanlarla həqq tərk olunmadan, prinsiplər tərk edilmədən, doğru-dürüst mövzulardan çəkilmədən yola getmək – ağılın kamalının göstəricisidir. Bəzən olur ki, insan doğru prinsiplərə malikdir, amma insanlarla yola getmir. Bu, ağılın naqisliyinin göstəricisidir. Allaha iman gətirəndən sonra, ağılın kamalının önəmli göstəricilərindən biri də budur ki, insanlarla yola gedilsin. Deməli, prinsipləri, həqqi tərk etmədən insanlarla yola getmək – ağılın ən kamal nümunələrindəndir.

 

 

Ağılı olmayanın dini olmaz

Həzrət Rəsulallah (s) buyurur: “Bütün yaxşılıqlar ağılla tanınır, dərk olunur. O kəsin ki, ağılı yoxdur – onun dini yoxdur”. Bütün gözəlliklər, yaxşılıqlar, aliliklər ağılla tanınır, dərk olunur. O, ağıldır ki, bizə haqqın və batilin nə olduğunu anlamağa kömək edir. O, ağıldır ki, fəzilətləri və rəzilətləri ayırd etməyə imkan verir. O, ağıldır ki, bizə Allaha bəndə olduqda hansı gözəlliklərə çatdığını, Allahdan uzaq düşdükdə hansı çətin vəziyyətə düşdüyünü anlamağa kömək edir.

Ağılın sayəsində dürüstlüyün nə qədər gözəl olduğunu, yalanın nə qədər pis olduğunu dərk edirik. Bütün gözəlliklər, fəzilətlər, aliliklər ağılla dərk edilir. Ona görə də Peyğəmbərimiz (s) bəyan edir ki, bütün aliliklər, yaxşılıqlar, gözəlliklər ağılla dərk olunur və bu səbəbdən ağılı olmayanın dini də yoxdur.

 

Hətta zahirən gözəl, yaxşı görsənən mövzular əgər ağılla deyil, kor-koranəliklə yaşanarsa, ağıla, dərk söykənmədiyi üçün bir gün həmin kor-koranəliklə insanı uçuruma aparar. Küyə düşməklə yaxşı şeylərin ardınca gedən insan, bir gün həmin cür küyə düşməklə mənfi şeylərin də ardınca gedə bilər.

Ağıl olmayan yerdə din, inanc bünövrəyə söykənmir, növbəti fırtınalarda əldən verilə bilər.

 

Dinimizin çağırışı budur ki, bizlər şüur, əqlaniyyət, dərk dalınca gedək. İnancımız təfəkkürə, təəqqülə, dərkə çağırış edir. Bizlər anlamalıyıq ki, dinimizin mövzularını, çatdırışlarını, incəliklərini anlamaq – ağıldan keçir.

 

 

Yaşlı nəsilə ehtiram – dinimizin çağırışıdır

Təbərrük üçün istərdik mövzunun davamında cəmiyyətimiz üçün xüsusi aktuallığı olan bir praktik əxlaqi mövzuya da toxunaq. Toplumda ən çox narahat edən mövzulardan biri də yaşlı insanlara lazımi ehtiramın göstərilməsinin tədricən aradan getməsidir. Əvvəldə bir neçə məsələni qeyd etmək lazımdır. Təəssüflər olsun ki, bəzən mühütlərdə bəzi yaşlı insanlar heç də nümunəvi insanlar olmurlar. Yaşlı vaxtlarında nümunə olmalı insanlar, təəssüflər olsun ki, bəzi vaxtlarda bu cür olmurlar.

Bir halda ki, yaşlı insanlar dürüst, ədalətli, vicdanlı, səxavətli, dini mövzularına daha çox diqqətli olmalıdırlar. Dünya çapında biz müşahidə edirik ki, təəssüflər olsun ki, bu keyfiyyətlər ümumən tənəzzül yaşayıb. Amma, bununla yanaşı, yetərincə abırlı, namuslu, qeyrətli, ədalətli, vicdanlı, dürüst olan yaşlı nəslin nümayəndələri də var. Xüsusən də inanclı insanların içərisində belə şəxslərin sayı çoxdur.

 

Digər tərəfdən – mühüm məsələlərdən biri budur ki, dünyada dəyərlərin özünün müəyyən mənada hörmətdən salınması getdiyi bir vaxtda, toplumda insanlara yaşa görə ehtiram göstərilməsi zərurəti daha çox meydana gəlir. Bu, ona oxşayır ki, normal toplumlarda müəllimə ehtiram olunmalıdır. Amma, bəzən olur ki, bu adı daşıyan şəxslər hər cür davranılar ki, onlara hörmət olunmasın. Amma, bu, müəllim dəyərinin aradan getməsinə səbəb olmalı deyil.

O cür də bəzən yaşlı insanlar özləri yaxşı işlərə can atmaq əvəzinə, pis işlərə tərəf meyillənirlər və bu səbəbdən toplumda nüfuzdan düşürlər.

Bəzən yaşlı nəslin nümayəndələri gənclərin dinə gəlməsinə, dini məsələlərə riayət etməsinə əngəllər yaradır. Amma, bunun özü də cəmiyyətdə yaşlı nəsilə qarşı ehtiramın aradan getməsinə gətirib çıxarmamalıdır.

 

 

Bərəkət böyüklərlədir

Həzrət Rəsulallah (s) buyurur: “Bərəkət – əkabirlərlədir”. Şüurlu şəkildə burada olan “əkabirlər” sözünü tərcümə etmirik. “Əkabirlər” – yəni böyüklər deməkdir. Bərəkət yaşla bağlı böyük olanlarladır, ya fəzilət baxımından böyük olanlarladır? Yəni, evdə bir yaşlı insanın olması özü bir bərəkət mənbəyidirmi?

Təhlillər göstərir ki, burada hər iki anlam keçərlidir. Həm, elə bir yaşlı insanın toplumda, evdə, mühütdə olması özü-özlüyündə xeyir-bərəkət mənbəyidir. Fəzilət, mənəviyyat baxımından böyüklük daşıyıcıları da xüsusi bərəkət mənbəyidir.

 

Əziz İslam Peyğəmbəri (s) buyurur: “Yaşlı müsəlmanlara hörmət göstərmək – Allahı böyük tutmağın nümunələrindəndir”. Bəzən insan düşünür ki, necə etsin ki, Allahın dərgahında öz kiçikliyini təzahür etdirmiş olsun, Allahın böyüklüyünü təzahür etdirib. Bunun nümunələrindən biri də budur ki, insan yaşlı insanlara, xüsusən yaşlı imanlı insanlara ehtiram göstərsin.

 

Bunun Qiyamət günü üçün də insana böyük faydalılığı var. Peyğəmbərimiz (s) buyurur: “Böyüklərə ehtiram göstəriniz. Sizin bu əməliniz Qiyamət günündə sizlərin mənimlə bir yerdə olmağınıza səbəb olar”. Böyüklərə hörmət göstərmək, dəyər vermək – Qiyamət günündə Həzrət Rəsulallahın (s) yanında olmağa aparıb çıxaran mövzulardandır.

 

 

İmanlı yaşlılara ehtiram – Allaha hörmət qoymaqdır

Başqa bir buyuruşda Peyğəmbərimizdən (s) buyurulur: “Yaşlılara hörmət ediniz. Belə ki, onları əziz tutmaq – Allaha hörmət qoymaqdır. Hər kim belə etməsə, məndən deyil”. Bir daha burada altından xətt çəkmək lazımdır ki, söhbət zay, nanəcib, toplumda mənfilik daşıyıcısı, pis məsələlərin adiləşməsində iştirak edən, Allahın razılığının əksinə gedən şəxslərdən getmir. Bu insanlarla bağlı mövzu bəllidir. İstər gənc olsun, istər yaşlı olsun – bir kəs Allahın razılığının əksinə yaşayır, üstəlik də Allahın razılığına uyğun yaşamaq istəyən insanlara qarşı çıxırsa, bunun vəziyyəti bəllidir. Amma, ümumi halda, təbii halda hamı bu cür deyil. Toplumumuzda da yetərincə yaşlı insanlar var ki, müsbət keyfiyyətlərin daşıyıcısıdır və onlara ehtiram qoymaq – Allaha hörmət qoymaqdır və hər kim belə etməsə, əziz Peyğəmbər (s) onu özündən saymır.

 

Bu keyfiyyət – Qiyamət günü insanın qurtuluşuna səbəb olan amillərdən biridir. Peyğəmbərimiz (s) buyurur: “Hər kim İslam yolunda saçını ağardan yaşlıya hörmət göstərsə, Allah Təala onu Qiyamət gününün qorxu və vahiməsindən amanda saxlayar”. Bu cür şəxsin dərəcəsi bir qədər də yuxarı olar. Toplumda o qədər Allahın dininin diri qalması üçün saç ağartmış insanlar var. Hər kim bu cür insanlara ehtiram göstərsə, çox böyük mükafatı olar.

 

 

Peyğəmbərimiz (s) yaşlılara xüsusi ehtiram edərdi

Bu mövzu hər zaman üçün aktual olub. Bir məclisdir, Peyğəmbərimiz (s) də oradadır. Bir nəfər yaşlı, ahıl insan daxil olur, yer tapa bilmir və heç kim də yerindən tərpənmir. Peyğəmbərimiz (s) çox narahat olur, onun üçün yer edir və buyurur: “Bizdən deyil o kəs ki, uşaqlarla mehriban olmaz və yaşlılara münasibətdə ehtiram göstərməz”. O qədər mühüm mövzudur ki, əziz İslam Peyğəmbəri (s) yaşlılara ehtiram göstərməyəni özündən saymır.

 

Bir gün Peyğəmbərimizin (s) hüzuruna iki nəfər – bir yaşlı, bir gənc gəlir. İkisinin də Həzrət Peyğəmbərlə (s) danışmağa mövzusu olur. Gənc danışmağa başlayanda, Peyğəmbərimiz (s) buyurur: “Öncə yaşlı danışsın”. Əziz Peyğəmbərimiz (s) öyrədir ki, əgər iki nəfərin vəziyyəti eynidirsə və ikisi də eyni vaxtda müraciət edirsə, yaşlıya ehtiram qoymaq, onu qabağa çəkmək – Allah bəyənəndir. Bizim toplumumuz da illərlə bu Peyğəmbəri (s) əxlaqi qoruyub saxlayıb və yaşadıb. Allahdan istəyimiz budur ki, bizləri bu nurani dəyərləri qoruyub yaşadanlardan qərar versin!

 

Allahım, bizlərə ağıl, dərk, şüurla Səni tanıyıb, Sənə bəndə olmaq üçün çalışmağı nəsib et!

Allahım, bizləri özbaşına qoyma!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Gununsesi.org