Mübariz Mənsimovdan Ramazan bayramı ilə bağlı paylaşım

  • By ilhame
  • 09 Aprel 2024 21:37

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkə hesabında Ramazan təbriki paylaşıb.

Gununsesi.info həmyerlimizin qeydlərini təqdim edir:

Hər il özü ilə hər birimizə rəhmət, hüzur, sülh, bərəkət gətirən müqəddəs Ramazan ayı bizi tərk edir. Mənəvi dəyərlərlə zəngin olan və insanların mənəvi dünyalarını bu zənginliklə bəzəyən Ramazan ayı bizi nəfsimizə, iradəmizə, niyyətlərimiz və davranışlarımıza, nizam-intizamımıza hakim olmağı öyrədir.

 

Bu ayda gözəl, xeyirxah əməllər edilir, imkansızlar unudulmur. Əlbəttə, bütün bunlar hər bir insanın gündəlik işi olmalıdır. Sözsüz ki, bu cür yaşam hər birimizin həyat tərzinə çevrilməlidir.

 

Allah tutulan bütün orucları, xoş niyyətləri, duaları qəbul eləsin! Evləriniz ruzili, bol və bərəkətli olsun.

 

“Palmali” ailəsinin hər bir üzvü daxil olmaqla, hamınızı, ailələrinizi, yaxınlarınızı, qohum və dostlarınızı təbrik edirəm.

 

Şəhidlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

 

Ramazan bizə əməllərimizdə, düşüncə və qəlblərimizdə vəhdəti , vahid olmağı öyrədir. Çünki, Allah da vahiddir. Ramazan bayramınız mübarək olsun

 

Hörmətlə, sizin Mübariz Mənsimov

Gununsesi.info