İlahiyyatçı təkfirçilərin liderini tənqid etdi: "Radikal çağırışların qarşısı elmi və hüquqi yolla alınmalıdır" -VİDEO

“Suriya ilə bağlı cihad fətvası ilə gündəmə gələn Əlixan Musayev bu gün də radikal çağırışlarını davam etdirir. O, Azərbaycan cəmiyyətində qarşıdurma yaratmağa xidmət edən çıxışlar edir, insanları öz ətrafında birləşməyə çağırır və onunla razılaşmayanlara qarşı təhdid və düşmənçilik dili işlədir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib:

“Bu cür çağırışlar cəmiyyətdə nifaq və gərginlik yaradır, dinin həqiqi mahiyyətinə və ölkənin sabitliyinə xidmət etmir. O çıxışında deyir: “Mən nəsihət edirəm ki, burada fəsad törətməyin. Salamı kəsmək böyük bir uçurumdur. Axırda böyük  bir qalmaqala gətirib çıxaracaq. Hətta Allah qorusun, silahlı qarşıdurmaya da gətirib çıxara bilər. Onun indidən qarşısını almaq lazımdır ki, gələcək fəsadlara yol açılmasın”.

Bu ifadələr cəmiyyətdə təhlükəli meyillərin, radikalizmin və insanlar arasında uçurum yaradan düşüncələrin bariz nümunəsidir. Sözügedən şəxs, Əlixan Musayev  öz ətrafını, ardıcıllarını təsir altına almaq, onlarda qorxu və hürkü yaratmaq məqsədilə gələcəkdə silahlı toqquşmaların qaçılmaz olduğu rəyini formalaşdırmağa çalışır. Bu cür yanaşma əslində dinimizin əsas qayəsi olan sülh, qardaşlıq və dözümlülük prinsiplərinə tamamilə ziddir.

Uca Allah Qurani-Kərimin Əl-Bəqərə surəsinin 205-ci ayəsində yer üzündə fəsad törədənlər barəsində buyurur ki, Allah fəsadı sevməz. Həmçinin İslam alimləri də hər zaman qeyd etmişlər ki, cəmiyyətdə sabitliyi pozmağa yönələn, insanları silahlı qarşıdurmaya və radikalizmə sövq edən hər bir çağırış İslamın cövhərinə zərər vurur. Salamı kəsməyi və ya daxili ixtilafları bəhanə edərək cihad və təkfirçilik ideologiyasını yaymaq, gənclərin şüurunu zəhərləməkdən başqa bir şey deyildir.

Böyük İslam alimi İbn Kəsir öz təfsirində fitnə və fəsadın cəmiyyətləri daxildən necə məhv etdiyini elmi və məntiqli şəkildə şərh edərək bildirir ki, daxili sabitliyin pozulması ümmətin ən böyük fəlakətidir. Bu səbəbdən insanların hissləri ilə oynayaraq onları radikalizmə, cihada və ekstremizmə dəvət edən bu növ çıxışların qarşısı elmi və hüquqi müstəvidə qətiyyətlə alınmalıdır. Cəmiyyətimizin hər bir fərdi bu cür radikal çağırışlara qarşı diqqətli olmalı, elmi və sağlam məntiqə əsaslanan dini maarifləndirməyə önəm verməlidir”.

@gununsesi.info

Təkfirçilərin lideri radikal çağırışlar edir #xeber #xəbər #news

♬ orijinal səs – Gununsesi.info

Şəbnəm 

Gununsesi.info