Məhkəmə Vidadi Muradovun girov qoyulmuş əmlakları ilə bağlı növbəti dəfə qərar verib -YENİLƏNDİ

  • By admin
  • 21 Fevral 2023 19:18

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi banka girov qoyulmuş əmlaklarla bağlı hissədə yenidən araşdırılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə əvvəlki qərar dəyişməyib.

Hakim Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti həmin əmlakların xüsusi müsadirəsi ilə bağlı qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Barəsində həbs qətimkan tədbiri seçilmiş sabiq sədr bir müddət sonra onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılıb. Vidadi Muradov ötən il noyabrın 5-də ev dustaqlığında vəfat edib.

Bundan sonra cinayət işi üzrə onun həyat yoldaşı hüquqi varis kimi tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Ötən ilin oktyabr ayında Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını girov qoyulmuş əmlaklarla bağlı hissədə ləğv edib. İş bu hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyasına qaytarılıb.

14:07

Ali Məhkəmə “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun barəsində olan hökmdən verilən kassasiya şikayəti ilə bağlı qərarı elan edib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlaklar olan hissəsində qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, V.Muradov Baş Prokurorluğun əməkdaşları tərəfindən 2021-ci ilin yanvar ayının əvvəlində saxlanılıb. 9 yanvar 2021-ci il tarixdə onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, V.Muradov 2021-ci il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin olunub, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir. Hökmdən narazı qalan onun hüquqi varisi, həyat yoldaşı Rahilə Muradova apellyasiya şikayət verib. Hüquqi varis V.Muradovun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Gununsesi.info