
“Almaniya hökuməti İraqın bərpasına 500 milyon avro məbləğində kredit ayırır”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İraq maliyyə nazirliyinin vəzifəsini icra edən Abdurrezak əl-İsavi paytaxt Bağdadda təşkil etdiyi mətbuat konfransında belə deyib.
O bildirib ki, İŞİD Terror Təşkilatından geri alınan bölgələrin yenidən abadlaşdırılması və orada məskunlaşan insanlara dəstək vermək məqsədilə Almaniya höküməti ilə 500 milyon avro məbləğində kredit müqaviləsi imzalanıb.
Amma Abdurrezak əl-İsavi Almaniya hökumətindən alınan kreditin faiz dərəcələri və ödəmə müddəti barədə isə ətraflı məlumat verməyib: “Dünya Bankı, Yaponiya və Almaniya tərəfindən İraqa verilən kreditlər, ölkənin yenidən inşasına sərf olunacaq. 2016-ci ilin mayında Beynəlxalq Valyuta Fondu 1,5 faiz nisbətində İraqa 5,3 milyard ABŞ dollar məbləğində kredit ayırmağı nəzərdə tutub”.
Avropa Birliyi də 2016-cı ilin dekabrında İŞİD-dən azad olunan bölgələrə əhalinin geri dönməsi üçün İraq hökumətinə təxminən 86 milyon avro məbləğində maliyyə yardımı göstərib.
Xatırladaq ki, İraq hökuməti 2016-cı ilin sentyabrında İŞİD-dən geri alınan bölgələrin yenidən inşasına 14 milyard ABŞ dolları məbləğində vəsaitə ehtiyac olduğunu bildirib.
Anar
Gununsesi.info












