İndicə hiss elədim ki, bir-neçə gündür evdə bir hüzur yaranıb. Nə yoldaşım deyinir, nə də mən. Hərçənd, 32 illik ailə həyatında belə şeylər olur zatən…
Sovet dövründə demək olar ki, bütün evlərdə xüsusi radio nagili vardı və reproduktora bənzər bir cihazdan gecə-gündüz (pulsuz idi) “Mayak” radiostansiyasının səsi gələrdi. Yaxşı yadımdadır, lap xırda olanda babamgildə qalmağı çox xoşlayardım, çünki ilkbeşikdim və hamı başıma hərlənərdi. Nə xalalarım (dörd xalam vardı), nə də dayım evliydi. Hamısı lap cavandı. Axundov bağının arxasındakı binada yaşayırdılar. İkicə otaqda yeddi adam qalırdı. Böyüklər arxa otaqda, dayım dəhlizin uzaq küncündə, qızlarsa böyük otaqda “raskladuşka”larını açıb yatardılar. Qəribə bir abı-havası vardı o evin. O vaxt başa düşmürdüm, ancaq indi anlayıram. OCAQ idi ora – babam Məmməd Şıxlının “yuvası”. İndi nə o var, nə nənəm, nə xalalarım, nə də dayım. O ev də yoxdu, daha doğrusu OCAQ yoxdu. Adamsız nə OCAQ!
Dediyim həmin o “reproduktor”dan babamgildə də vardı. Adətən, evin rahatlığını həmin o “reproduktor”dan əvvəlcə gələn xışıltı, sonra Spas qülləsinin sabah saat 6-nın olduğunu bildirən zəng səsi və sonda levitansayağı deyilən:”Говорит, Москва!” kəlmələri pozurdu. Qızların mışıltısı kəsilir və hamı kirimişcə, məni oyatmamaq üçün, “raskladuşka”larını yığışdırıb kimisi dərsə, kimisi də işə hazırlanırdı. “Mayak”sa elə durmadan səs fonu yaradırdı. Deyilənlərəsə heç kim əhəmiyyət vermirdi. Zatən, nə deyirdilər ki…
Neçə gündür Bakı və Abşeronda televiziya yayımı analoqdan rəqəmsala keçib. Yaxşı işdir, özü də hərtərəfli. Xüsusilə də mənimçün. Bir tərəfdən, deyilənə görə, yayımın keyfiyyəti artacaq, o biri tərəfdən də, amma bu tərəf ancaq mənə aiddir, çünki o, keyfiyyəti mən görmürəm. Və yaxşı ki, görmürəm… Səbəbsə çox bəsitdir. Bizim televiziya kanallarının texniki cəhətdən yayımı nə qədər keyfiyyətli olsa da, içindəkilərin keyfiyyətilə tərs mütənasıbdir. Yoldaşımla mübahisələrimizin əsas səbəbi də məhz bu idi. İş orasındadır ki, mətbəxin düz yanında qoyduğumuz televizorun ən azı 25 yaşı var. Əsl yapon malıdır – “Sony”, lap “ÇTZ” kimi (sovet traktor markası) işləyir və bizim evdə bayaq söhbət açdığım “reproduktor” rolunu oynayır. Hər halda oynayırdı. İndi isə “Sony” “ölüb”. Bu zəhmətkeşə yeni həyat vermək üçünsə hansısa bir dekoder gərəkdir. Təxmini hesablamalara görə, belə dekoderlərə ehtiyacı olan televizor və Bakı əhlinin sayı 100 mindir. Dekoder 25-40 manat arası qiymətədir. Deməli, dekoder satanların bayramıdır — 250-400 min arası potensial xeyirləri olacaq. Neftin ucuzlaşdığı bir məqamda əladır. İqtisadiyyat dirçələcək… Maraqlıdır, görəsən, dekoderlər hansı məmurun inhisarındadır?
Az qalmışdı unudum. Hələ bu 100 min adamın elliklə yerindən qalxıb son model televizorlar almaq ehtimalı da var. Devalvasiyalardan sonra onların qiymətinin “ceyran belinə qalxmasını” nəzərə alsaq, ya alış-veriş doğrudan da qızışacaq, ya da yerli kanallara ümumiyyətlə baxan olmayacaq. Onsuz da baxan yoxuydu…
Mənim yoldaşım da əslində baxmırdı, sadəcə qulaq yoldaşını itirib. Mətbəxdə CNN, ya da BBC-nin xəbərlərinə baxmayacaqdı ki!
İndi isə bizim ideologiya başbilənlərimizə demək istəyirəm ki, yayımın keyfiyyətini artırmaq üçün rəqəmsal yayıma keçməzdən əvvəl “analoq”(suz) teleməkanımızın keyfiyyətini artırsaydılar, həm ideoloji, həm də maddi cəhətdən xeyli dividend qazanmış olardıq. İndi isə bir xeyli vətəndaşımız, bir müddət olsa belə, nə Almaniyanın batmasından xəbər tutacaq, nə də ABŞ demokratiyasının tənəzzülündən… (FB olsaydı, bu yerdə “smaylik” qoyardım)
***
Azərbaycan radiosunun 90, televiziyasının isə 60 illik yubileyinin qeyd olunduğu təntənəli tədbirə isə Qulu Məhərrəmlini dəvət də etməyiblər. Vallah, heç gülməli deyil! (ayna.az)
Elçin Şıxlı