Anti-amerika ovqatı -39 yaşlı İNQİLABIN QEYDLƏRİ

  • By admin
  • 17 Fevral 2018 11:23

 

Adətən yol qeydləri indi mətbuatda elə də yer almasa da, Astara sərhəd-keçid məntəqəsində olan vəziyyəti qeyd eləmək lazımdır. Adamlar həqiqətən də orada əziyyət çəkir. Ona görə yox ki, keçib-gedənlər çoxdur (deyilənə görə, adamlar çox olanda vəziyyət faciəvi olur – K.R.). Ona görə ki, məntəqədə adamları çox ləng buraxırlar. Bəxtimizdən adam az idi, saat yarım soyuq havada gözlədikdən sonra sərhədi adlaya bildik.

Gununsesi.info Musavat.com-un qeydlərini təqdim edir.

Sərhəddə ən çox diqqətimi çəkən maraqlı bir detal oldu. İlk dəfə olaraq Azərbaycandan xaricə yük çıxarıldığını gördüm. Adətən İran və Gürcüstan sərhədində Azərbaycana gələrkən sərhəddə dayanan xırda alverçilər Azərbaycan tərəfinə keçirmək üçün siqaret, geyim bağlaması və başqa məhsullar olurdu. Ancaq bu dəfə sərhəddəki adamlar bizdən İrana bağlama keçirməmizi xahiş edirdilər. Azərbaycandan İrana nə keçirilir? Doğrudanmı, İranda Azərbaycanda istehsal olunan məhsullara ehtiyac yaranıb? Məlum oldu ki, sən demə, Azərbaycandan İrana şokolad və vafli keçirilirmiş.

Sərhədi o tərəfə keçən kimi, ilk hiss etdiyimiz İrandakı bahalaşma oldu. Axırıncı dəfə İranda 7 il əvvəl olarkən qiymətlər xeyli ucuz idi. Ancaq Azərbaycandakı devalvasiya və İranda bahalaşma qiymətlərə xeyli təsir edib. Yerli adamlar deyir ki, artıq İranda bazarlıq eləmək əvvəlki qədər əlverişli olmadığı üçün sərhədi keçənlər azalıb. Yolda taksi sürücüsü də bahalaşmadan şikayətləndi. İran artıq azərbaycanlılar üçün əvvəlki kimi sərfəli ölkə deyil. Əksinə, devalvasiyadan sonra iranlılar üçün Azərbaycan uyğun ölkəyə çevrilib. Söhbət etdiyimiz hər kəs Bakıya səfər edib və ya etməyə hazırlaşır. İranda Azərbaycanı Dubaya bənzədirlər.

Yeri gəlmişkən, Tehrana gedən yolda yeni dəmir yol çəkirdilər. “Şimal-Cənub Dəhlizi”nin tikintisi sürətlə davam edir. Bu barədə İran prezidenti Həsən Ruhani də çıxışında qeyd edib. Dəmir yolu tikintisi səbəbindən yollar bağlanmışdı, bu səbəbdən də Tehrana fevralın 10-da, artıq tədbirlər başlayanda gedib çatdıq. Biz Tehrana gedəndə gecədən atəşfəşanlıq başlamışdı. İran inqilabı qeyd olunurdu. İnqilab lideri Ayətullah Xomeynini gətirən təyyarə məhz fevralın 10-da gecə Tehranın Mahabad aeroportuna enib. Sabahı gün, fevralın 11-də isə Tehranın məşhur “Azadi” (Azadlıq) meydanında ənənəvi inqilab mitinqi keçiriləcəkdi.