Arif Əsgərovun oğlu məhkəmədə ifadə verdi - O XALASI OĞLUNU DƏLƏDUZLUQDA İTTİHAM ETDİ

  • Müəllif: admin
  • 02 Mart 2018 16:38

Nəqliyyat Nazirliyi 2017-ci ilin fevralında ləğv olunana qədər nazir müavini, ondan əvvəl isə  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri işləmiş Arif Əsgərovun oğlu Elnar Əsgərov martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Gununsesi.info xəbər verir ki, Elnar Əsgərov öz xalası oğlu Rahib Hüseynovun məhkəməsində şahid qismində ifadə verib. R.Hüseynov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. İttihama görə, o, biznes qurmaq məqsədi ilə müxtəlif adamların pulunu alıb qaytarmayıb.

Cinayət işində E.Əsgərovun da adı hallanır. Bildirilir ki, zərərçəkmişlərdən alınmış pulların bir hissəsi ona çatıb.

E.Əsgərov isə məhkəmədə dindiriləndə bu haqda deyilənləri təkzib edib. O, xalası oğlunu yalan danışmaqda, onun atasının adından istifadə etməkdə günahlandırıb: “Rahib mənim adımdan, atamın adından sui-istifadə edib. Məni şərləyir ki, zərərçəkmişlərdən alınan pulları mən ödəyim. Bizim adımızdan istifadə edərək, pul alıb. O, mənə pul verməyib. Bizim işbirliyimiz olmayıb. Atama güvənirdi ki, sabah nəsə olsa, atam onu xilas eləyəcək”.

R.Hüseynov isə bildirib ki, Elnar onu aldadaraq, Bakıya gətirdib ki, polislərə təhvil versin.

Bu cinayət işində zərərçəkmişlərdən biri də Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu, özü də Dövlət Yol Polisinin zabiti Qoşqar Zeynalovdur. O, məhkəmədə ifadəsində deyib ki, birgə biznes adı ilə R.Hüseynova pul verib, hazırda ona dəymiş ziyan 3 milyon 925 min manatdır: “20 faiz qazanc qalacaqdı, onun da 10 faizi mənə çatacaqdı. Razılaşdım. Amma dedim ki, özümdə hazırda pul yoxdur, dostumdan alıb verərəm. Bir neçə dəfəyə üst-üstə ona 7 milyon manatdan çox pul vermişəm. Bir hissəsi qaytarılıb”.

Biznes isə xaricdən “Azərbaycan Dəmir Yolları” QSC üçün yataq dəstləri gətirməkdən ibarət olacaqmış.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. O, 9 il azadlıqdan məhrum edilib.

Gülər

Gununsesi.info