Arvadını öldürməkdə təqsirləndirilən hakimə hökm oxundu

  • By admin
  • 01 Oktyabr 2021 15:10

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Gununsesi.info E-huquq.az -a istinadən xəbər  verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmədə təqsirləndirilən şəxs son söz deyib. F.Əhmədov çıxışında verilən ittihamla razı olmadığını bildirib:

“Qəsdən kimisə öldürmək üçün əvvəldən beynində plan qurmalısan. Bu hadisə sadəcə, yersiz və şit bir zarafatın nəticəsi idi. Mən Pərvanəni sevirəm və son nəfəsimə kimi də belə olacaq. Mən heç vaxt onun başından bir tük də əksik olmasını istəməmişəm. Xahiş edirəm ədalətli qərar qəbul edəsiniz”.

Daha sonra hökm oxunub.

Hökmə əsasən, F.Əhmədov ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla, 10 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

F.Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info