ATƏT-in Ermənistan “sevgi”si - MÜRTƏZA BÜNYADLI YAZIR

  • Müəllif: admin
  • 20 İyun 2017 16:40

murteza bunyadli

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri və səfərin yekunları ilə bağlı verdiyi bəyanat bir daha bu qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində real addımlar atmaq iqtidarında olmadığını və işğalçılıq siyasətinin möhkəmlənməsinə yardım etdiklərini ortaya qoydu. Bunu Minsk Qrupu həmsədrlərinin səfərin yekunları ilə bağlı verdiyi bəyanatdan aydın görmək olar. Çünki həmsədrlərin imzaladığı bəyanatda Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması istiqamətində bir kəlmə belə qeyd olunmayıb.

Səfər öncəsi az da olsa ehtimal olunurdu ki, həmsədrlər imzalayacağı yekun bəyanatda son vaxtlarda cəbhə xəttində vəziyyətin gərginləməsinə görə İrəvanı ittiham edən hansısa fikirlər səsləndirəcəklər. Ancaq bu ümidlər özünü doğrultmadı. Əksinə  bəyanatda vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkiblər. Bu o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə ilk növbədə Azərbaycanın məsuliyyət daşıdığına işarə edirlər. O baxımdan da həmsədrlərin bu bəyanatını işğalçı rejimin siyasətinə dolaysı ilə dəstəkləməsi kimi dəyərləndirmək olar. Bu bir daha həmsədrlərin regiona səfərinin nəticəsiz sonuclandığını sübut edir. Ona görə ki, həmsədrlərin regiona bu dəfəki səfərlərinin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında vəziyyətin gərginliyinin azaldılması olub.

Bu isə Bakının deyil, İrəvanın maraqlarına xidmət edir. Ona görə də İrəvan həmsədrlərin Bakıya səfər öncəsi məqsədli qaydada cəbhə xəttində gərginliyi artıraraq diqqəti əsas məsələdən yayındırmaq idi və demək olar ki, bu məqsədlərinə də müəyyən mənada nail oldular. Çünki cəbhə xəttində gərginlik olmayacağı təqdirdə vasitəçilər münaqişənin  həllində hansısa detallar üzrə tərəflərin mövqeyini müzakirə edə bilərdilər.

Ancaq Ermənistan bir daha destruktivlik nümayiş etdirərək cəbhə xəttində gərginliyi yaratmaqla həmsədrlərin diqqətini əsas məsələdən yayındırmağa nail oldu.

Bununla da Ermənistanın münaqişənin həllində yeni taktika seçdiyi aydın görünməkdədir. Bu da ondan ibarətdir ki, cəbhə xəttində müxtəlif xarakterli təxribatlar törədib, gərginlik yaratmaqla Azərbaycanı ittiham obyektində çevriməkdir. İrəvanın son aylarda həyata keçirdiyi siyasət  məhz bundan ibarətdir. Elə may ayında  “Osa” ZRK-nın işğal altında ərazilərə yerləşdirilməsi və Azərbaycan tərəfinin bu qurğunu məhv etməsindən sonra həmsədrlərin yaydığı bəyanatı bu qəbildən olan sənəd hesab etmək olar. Bunun ardınca Xocalı hava limanından turizm məqsədi ilə istifadə edilməsi adı altında uçuşların təmin edilməsi,  Şuşanın separatçı rejimin mərkəzinə çevrilməsi, təmas xəttində müxtəlif xarakterli diversiya hərəkətlərinin həyata keçirilməsini buna misal çəkmək olar. Ermənistan cəbhə xəttində qəsdən gərginlik yaratmaqla Azərbaycanın qınanılmasına nail olmaq istəyir. Yəni bu yolla beynəlxalq aləmin Azərbaycana təzyiq edərək bu təxribatlara güc yolu ilə cavab vermək hüququnu məhdudlaşdırmağa çalışır.

Bunun səbəbi isə çox sadədir. İrəvan bu yolla Azəbaycanın hərbi müstəvidə status-kvonu öz xeyrinə dəyişməsini, siyasi müstəvidə danışıqlar masasına köçürülməsinin qarşısını almağa çalışır. O baxımdan da  bütün siyasətini bu istiqamətdə qurub. Çünki siyasi müstəvidə də status-kvonun dəyişməsi Ermənistan mövcud cinayətkar hərbi xunta rejiminin sonu deməkdir. Ona görə də Ermənistan status-kvonun siyasi müstəvidə baş verməməsi üçün cəbhə xəttində bundan sonra da  müxtəlif xarakterli təxribatlara, diversiya əməliyatlarına əl ataraq gərginliyi daha da artırmağa çalışacaq.

Düzdür, hazırki beynəlxalq şərait Azərbaycanın beynəlxalq hüquqlardan istifadə edərək torpaqlarını güc yolu ilə işğaldan azad etməyə imkan verməsə də, beynəlxalq hüququn verdiyi minimal imkanlardan yararlanaraq buna nail olmaq lazımdır. Bu yolla hərbi müstəvidə əldə etdiyimiz uğurları həm davam etdirməliyik, həm də düşməni itkilərə məruz qoymaqla siyasi müstəvidə status-kvonun dəyişməsinə vadar etməliyik. Bu uzun, üzücü və çətin yol olsa da, indiki şəraitdə başqa variant yoxdur.

Ona görə də Azərbaycan ordusu ermənilərin bu məkrli planlarına  əhəmiyyət vermədən cəbhə xəttində həbri psixoloji üstünlüyünü qoruyub saxlamaqla düşmənin istənilən təxribatına cavab verməlidir. Ordumuz düşmənin istənilən təxribatına cavab vermək iqtidarındadır və buna tam hazır vəziyyətdədir. Odur ki, Azərbaycanın Silahlı Qüvvələri cəbhə xəttində düşmənin canlı qüvvəsini və texnikasını məhv etməklə Ermənistan cəmiyyətini psixoloji gərginlik və apatiya vəziyyətində saxlamalıdır. Bununla Ermənisan cəmiyyətində dərinləşən hərtərəfli böhrana cəbhədə uğursuzluğu əlavə etməklə, erməni cəmiyyətini öz hakimiyyətinə qarşı qaldırmaqla İrəvanı işğalçılıq siyasətində müəyyən mənada geri çəkdirmək yolunu seçməliyik.

Eyni zamanda Azərbaycan ordusunun əldə etdiyi müasir silahlardan peşəkərcasına yiyilənməsinə nail olmaq istiqamətində hərbi təlimlərin mütəmadiliyi bundan sonra da davam etməlidir. Bütün bunlarla yanaşı daxildə iqtisadi potensialın gücləndirilməsinə, cəmiyyətinin ümumi müqavimət gücünün düşmənə qarşı  toparlanması istiqamətində islahatlarını həyata keçirməlidir.

Mürtəza Bünyadlı

Gununsesi.info