ATƏT-in qış sessiyası başlayır 

  • By admin
  • 22 Fevral 2023 21:00

Fevralın 23-24-də Avstriyanın paytaxtı Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 22-ci qış sessiyası keçiriləcək.

Gununsesi.info təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, sessiyanın açılışında ənənəyə sadiq olaraq, Avstriya parlamentinin sədri Volfqanq Sobotka, ATƏT PA-nın prezidenti Marqareta Sederfelt və digər ATƏT rəsmiləri çıxış edəcəklər.

Sessiyanın işində ölkəmizi Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Ağalar Vəliyev, Tahir Mirkişili, Tural Gəncəliyev təmsil edəcəklər.

Sessiyanın gündəliyində duran məsələlərlə yanaşı, fevralın 24-də ümumi müzakirələrin mövzusu “Bir il sonra: Rusiyanın Ukraynaya qarşı davam edən tammiqyaslı müharibəsi” olacaq.

Sessiya öncəsi bir sıra ölkələrin parlamentariləri Rusiya nümayəndə heyətinin Vyanaya səfərinə icazə verilməməsinə dair çağırışlar ediblər. Rəsmi Vyana, həmçinin ATƏT PA-nın bürosu elan edib ki, Avstriya ATƏT-in mənzil-qərargahına dair sazişin öhdəlikləri əsasında, iştirakçı ölkələrin nümayəndələrinin tədbirlərdə iştirakını təmin etməlidir və bunun üçün hüquqi öhdəlik daşıyır. Yaranmış vəziyyət və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, builki qış sessiyasına giriş qaydaları sərtləşdirilib, həmçinin iclaslar media nümayəndələrinin iştirakı olmadan keçiriləcək.

Gununsesi.info