Alqı-satqı proseslərində əvvəlcədən edilən ödənişlər ətrafında yaranan mübahisələr son dövrlərdə daha da aktuallaşıb.
Vətəndaşlar çox vaxt “avans” və “beh” anlayışlarını eyni məzmunlu hesab edir, bu isə ciddi hüquqi nəticələrə səbəb olur.
Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, avans və beh mahiyyət etibarilə fərqli hüquqi institutlardır və onların qarışdırılması tərəflərin maddi itkilərlə üzləşməsinə gətirib çıxara bilər.
“Avans müqavilə üzrə ödənişin bir hissəsi kimi əvvəlcədən verilən puldur və heç bir təminat funksiyası daşımır. Müqavilə baş tutmadıqda, avans ümumilikdə geri qaytarılır və əlavə cərimə və ya sanksiya tətbiq edilmir. Beh isə hüquqi məsuliyyət yaradır. Beh fərqli olaraq, müqavilənin icrasını təmin edən hüquqi mexanizm kimi çıxış edir. Müqavilə pozulduğu halda beh xüsusi nəticələr doğurur: əgər ödənişi edən tərəf müqavilədən imtina edərsə, beh geri qaytarılmır. Praktikada ən çox problem tərəflərin bu iki anlayışı müqavilədə dəqiq göstərməməsi və ya şifahi razılaşmalara üstünlük verməsi nəticəsində yaranır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, “beh və avansın qarışdırılması və ya müqavilədə düzgün qeyd olunmaması vətəndaşların ziyana düşməsinə səbəb olur. Xüsusilə daşınmaz əmlak alqı-satqısında bu hallar daha çox rast gəlinir”.
O vurğulayır ki, hər hansı ilkin ödəniş zamanı mütləq yazılı müqavilə bağlanmalı, ödənişin mahiyyəti, yə avans və ya beh olması açıq şəkildə göstərilməlidir. Əks halda, mübahisə yarandıqda məhkəmələr çox vaxt ödənişi avans kimi qiymətləndirir və behin yaratdığı hüquqi nəticələr tətbiq edilmir.
Orxan
Gununsesi.info











