Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - DEPUTAT

  • By admin
  • 20 Fevral 2017 17:11
sevinc fatali
Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Münhen Təhlükəsizlik Konfransı iştirakı ölkəmizin dünya təhlükəsizli sisteminin yenidən qurulmasında yaxından iştirak etmək istəyini hər kəsə nümayiş etdirdi. 
Bunu Gununsesi.info-ya açıqlamasında  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
 Onun sözlərinə görə, prezident İlham Əliyevin həm müxtəlif ölkə rəhbərləri ilə görüşlərində, həm də aparıcı biznes qurumların rəhbərləri ilə müzakirələrində əsas müzakirə olunan məsələlər Azərbaycan qarşısında olan çağırışlar ilə bağlı idi:
“Hərtərəfli iqtisadi islahatlar aparan Azərbaycanın dünya biznes strukturları üçün daha da açılması və iqtisadi cəlbediciliyin mümkün qədər bütün auditoriyalarda bəyan edilməsi əsas hədəflərdəndir. Bu baxımdan, Azərbaycanın həqiqətlərini,  öz reallıqlarını və imkanlarını təqdim etməsi üçün bu platforma böyük əhəmiyyət kəsb edir”.
Millət vəkili hesab edir ki,   dövlət başçısı  konfrans çərçivəsində təşkil olunan panellərdəki müzakirələrdə Azərbaycanın həyata keçirdiyi enerji siyasətinə diqqətə çəkərək, bu siyasətin  həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin maraqlarına uyğun olduğunu bir daha bəyan etdi.
“Belə ki, Azərbaycan enerji siyasətində şaxələndirməyə üstünlük verməklə enerji nəqlinin təhlükəsizliyinə nail olub, əlverişli bazar imkanlarından yararlana bilib. Ənənəvi enerji mənbələri olan neft və qaz hasilatı ilə bərabər, Azərbaycan alternativ enerji sektorlarının yaradılması və inkişafına vəsait ayrırır, eləcə də əvvəlki tarixi dövrlərdən qalan neftlə çirklənmiş ərazilərin təmizlənməsi yönündə əsaslı işlər görülür.
Hazırda enerji təhlükəsizliyi sahəsində Azərbaycanı təşəbbüsü ilə nəhəng layihələr həyata keçirilməkdədir. Bu işlər başa çatdıqdan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da güclənəcək”- deyə, o, vurğulayıb.
Son dövrlərdə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı aktivləşən əməkdaşlıq perspektivlərinə, eynizamanda Münhendə bu istiqamətdə keçirilən görüşlərə  toxununa millət vəkili deyib ki, əlbəttə, Aİ çox böyük, nüfuzlu bir qurumdur: “Və bu təşkilat dünyada baş verən proseslərə təsir etmək gücündədir. Bu mənada, Münhendə Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrin aparılması təbiidir. Bildiyiniz kimi, Azərbaycan da Avropa İttifaqı ilə əlaqələrə böyük önəm verir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Eləcə də, quruma daxil olan bir sıra ölkələrlə strateji tərəfdaşlıq haqqında sazişlərimiz var.
Xatırladım ki, bundan öncə  Azərbaycan Prezidenti İlham Əliyev Belçikada səfərdə oldu və bu səfər zamanı Aİ rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir”.
S. Fətəliyeva əlavə edib ki,  Azərbaycan öz milli maraqları çərçivəsində Aİ ilə əməkdaşlığa böyük önəm verir. “Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.
Azərbaycanla bu qurum arasında gələcək münasibətlərin inkişafına dair saziş üzərində danışıqlara başlanıb. Bu sazişdə ikitərəfli münasibətlərin bütün aspektləri əks olunmalıdır. Hesab edirəm ki, bu, əlaqələrin perspektiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”- deyə, o, bildirib.
Mürtəza
Gununsesi.info