Avropa Məhkəməsinə kütləvi şikayətlər hazırlayan vəkilə təzyiq başlandı - AÇIQLAMA

  • By admin
  • 03 İyul 2016 16:37

 

esabeli_1-e1449085904951-300x195
Avropa Məhkəməsinin Azərbaycanla bağlı ardıcıl qərarları hakimiyyəti qəzəbləndirib. Hökumət bu dəfə də ölkənin imicini korlayan, ədalətsiz qərarlar çıxaran hakimləri yox, qanunun aliliyi uğrunda mübarizə aparan, ədalətsiz məhkəmə qərarlarını Avropa İnsan Haqları Məhkəməsinə çıxaran vəkillərdən olan Əsabəli Mustafayevi hədəf alıb. Artıq onun haqqında məhkəməyə təqdimat göndərilib.

Gununsesi.info bildirir ki, bu haqda vəkil facebook səhifəsində “Avropa Məhkəməsinin dünənki qərarlarının bu günki əks-sədası” başlıqlı status yazıb.

Həmin statusu təqdim edirik:

Bir qədər bundan əvvəl teleqram ilə məni məhkəməyə dəvət etdilər. Məlum oldu ki, vergi idarəsi məhkəməyə təqdimat verib ki, mənim xaricə çıxışıma qadağa qoyulsun. Dedim ki, olmayan hüquqa necə qadağa qoymaq olar. Artıq iki ildir ki, baş prokurorluğun qadağası sahəsində ölkədən çıxa bilmirəm. Vergilər məndən 8000 manata yaxın əlavə vergi tələb edir. Guya ki, rəhbərlik etdiyim QHT 2-3 qrantı qeydiyyatdan keçirməyib. Halbuki bu qrantların qeydiyyatdan keçməsi barədə məlumat Ədliyyə Nazirliyinin saytında yerləşdirilib (İntiqam Əliyev, Rəsul Cəfərov və digərlərin işində olduğu kimi). Mən əlavə verginin tətbiqi barədə vergilər idarəsinin bu qərarını dərhal məhkəmədə mübahisələndirmişəm. Lakin məhkəmə bu iş üzrə icraatı vergilər idarəsinin xahişi ilə bir ilə yaxındır ki, dayandırıb.

Bəhanəsi də budur ki, prokurorluqda araşdırma davam edir. Beləliklə də, bir tərəfdən əlavə verginin qanuniliyinə məhkəmədə baxılmasına imkan vermir, digər tərəfdən hər ay faiz hesablayır və mənim olmayan hüququmu məhdudlaşdırmaq istəyir. Baş prokurorluğa qarşı araşdırmanın qanunsuz aparılması, ölkədən çıxışıma qadağanın, təşkilatın və mənim şəxsi bank hesablarıma qoyulmuş həbslərin qanunsuzluğu barədə qaldırdığım iddia da baxılmayır, çünki prokurorluğun nümayəndəsu prosesə gəlmir. Absurd ondadır ki, təşkilatın bank hesabında əlavə vergini ödəməyə çatacaq məbləq vardır, lakin vergi onu götürə bilmir ki, pokurorluq hesaba həbs qoyub. Pulun ödənilməsinə prokurorluq imkan vermir, cəzalanan isə mən oluram. Ən əsası isə Rəsul Cəfərov Azərbaycana qarşı iş üzrə qərarda Avropa Məhkəməsi belə əlavə vergi hesablanmasını qanunsuz sayıb.Lakin nə prokurorluq, nə məhkəmə, nə də vergi belə məsələləri nəzərə almır.
Bu günki məhkəmə iclası iyulun 8-nə təxirə salınıb. Yəqin ki, vergi idarəsinin təqdimatı təmin olunacaq və mən ölkədən 2 qat çıxa bilməyəcəyəm. Sonra yəqin işıq, su, kanalizasiya və digər bu kimi idarələr də məhkəmələrdə öz tələblərini qaldıracaqlar.Ancaq heç bir faydası yoxdur”.