Avropa Şurasının 5.2 milyon avroluq layihəsinin nəticələri açıqlanacaq -

  • By admin
  • 25 Oktyabr 2018 12:08

Bakıda Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycan üçün həyata keçirilən layihələrin nəticələri KİV-ə təqdim edəcəkdir.

Bu barədə Avropa Şurasından Gununsesi.az-a daxil olan məlumatda bildirilir.

Məlumata görə, 2015-2018-ci illər ərzində Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq[1]  çərçivəsində Azərbaycanda dörd layihə həyata keçirilmişdir. Layihələrin əsas məqsədi Azərbaycanda ifadə azadlığı və media azadlığının inkişafı, inzibati idarəetmədə korrupsiya ilə mübarizə və korrupsiyanın qarşısının alınması sahəsində bacarıqların artırılması, Ədliyyə Akademiyasının rolunun və bacarıqlarının artırılması, hakimlərin təlimləndirilməsi, eləcə də ölkədə ədliyyə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılmasından ibarətdir.

5.2 milyon avro büdcəsi olan layihələr Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilib, və Avropa Şurası tərəfindən həyata keçirilib. Ölkə üzrə spesifik olan layihələrdən başqa, Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən 14 regional layihələrdə də iştirak edib.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan HERNYES, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis JANKAUSKAS , Xarici İşlər Nazirliyinin Demokratiya və İnsan Hüquqları şöbəsinin müdir müavini Fərəh ACALOVA və Aİ / AŞ-ı üzrə Əlaqələndiricisi Arkadi SYTINE, Avropa Şurası (Strazburq) layihələri təqdim edəcəkdir.

KİV-nin nümayəndələri 25 oktyabr 2018-ci il tarixdə, saat 15:00-dan 16:00-dək tədbirin açılışına dəvətlidirlər. Tədbir Bakı şəhəri, Azadlıq prospekti 1B ünvanında yerləşən Hilton otelinin Lazurit zalında keçiriləcəkdir. Təqdimat zamanı ingilis – Azərbaycan dillərində tərcümə təmin ediləcəkdir.