Hesablama Palatasının 2025-ci il İş planına uyğun olaraq “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun 2024-cü il üzrə gəlir və xərcləri təhlil edilib.
Gununsesi.info-nun xəbərinə görə, analitik fəaliyyət nəticəsində müəyyən olunub ki, Fondun gəlirləri 330,0 mln. manat proqnoza qarşı 506,4 mln. manat olmaqla 153,5% icra edilib. Ümumi icra göstəricisi isə 560,0 mln. manat təşkil edib.
Bununla belə, bir sıra mədaxil mənbələri üzrə planlaşdırma və icra uyğunsuzluqları aşkarlanıb. Xüsusilə bəzi vergi və rüsumların ləğv edildiyi halda proqnozlara daxil edilməsi, eləcə də bəzi cərimələrin ayrıca təsnifatlaşdırılmaması qeyd olunub.
Təhlil göstərib ki, Fondun vəsaitlərinin idarə edilməsində planlaşdırma və uçot sistemində ciddi çatışmazlıqlar mövcuddur. Avtomobil yollarının uçotu və reyestrinin tam formalaşdırılmaması, eləcə də yolların təsnifatının yenilənməməsi şəffaflığın azalmasına səbəb olub.
Xərclərin strukturunda da uyğunsuzluqlar aşkar edilib. Fond vəsaitlərinin bank kreditlərinin ödənilməsinə, eləcə də Qaydalarda nəzərdə tutulmayan aparat xərclərinə yönəldilməsi məqsədli istifadə prinsipinə uyğun hesab edilməyib.
Bundan əlavə, bəzi xərclər normativ sənədlərlə əsaslandırılmadan smetaya daxil edilib, o cümlədən yol infrastrukturu üzrə istismar xərclərinin hesablanmasında metodoloji boşluqlara yol verilib.
Yol-nəqliyyat hadisələri nəticəsində dəymiş ziyanın yalnız yarısının ödənilməsi, qalan hissənin isə tam kompensasiya olunmaması da problemlər sırasında qeyd olunub.
Eyni zamanda, Fondun maliyyə vəsaitlərinin əsasən cari xərclərə yönəldildiyi, bu isə uzunmüddətli infrastruktur investisiyalarının planlaşdırılmasını zəiflətdiyi vurğulanıb.
Hesablama Palatası ümumilikdə Fondun vəsaitlərinin idarə olunmasında səmərəliliyin artırılması, uçot və planlaşdırma sisteminin təkmilləşdirilməsi, normativ tələblərə uyğun xərclənmənin təmin edilməsi və reyestr sisteminin formalaşdırılması ilə bağlı tövsiyələr verib.
Maqsud












