
Qarabağı hamımız sevirik. Onu sevənlər tək 30 milyonluq Azərbaycanlılar deyil: milyonlarla türk, milyonlarla erməni, ora səfər edən miylonlarla əcnəbilər var. Bizim sevgimiz isə ayrı aləmdir. Bizim sevgimiz çox hissləri özündə əks etdirir. Qarabağ musiqiçilərimizin dilindən düşmür, şairlərimizin sənətində ən populyar mövzudur.
İnsanlar vətəndən danışanda ilk növbədə Qarabağı xatırlayır. Siyasətçilər Qarabağ dalğasında siyasətlərini başlayıblar. Mətbuat ən populyar yazılarını Qarabağla əlaqəli mövzulardan yazırlar. QHT-lər Qarabağdan sevgi ilə danışanda vətənpərvərliyin ən yüksək həddində olurlar. Qarabağ adına yaxşı restoranlar, ət dükanları, kafelər, şadlıq sarayları, super marketlər, qəsəbələr, çayxanalar, oyun zalları açmışıq. «Qarabağ» adında tum istehsal edirik. «Qarabağ» şirniyyatı buraxırıq. Hər şey edirik ki, Qarabağ yaddan çıxmasın. Bu biznes obyektlərinin sahibləri ilk vaxtlarda yaxşı qazanc əldə etdilər. Hətta, Qarabağı xatırladan guşələr və rəsmlər ilə müştərilərin vətənpərvərlik hissini artırıb biznesi yaxşılaşdırdılar. Sonradan hər şey adiləşdi. Daha restorana girən onun adından çox mahiyyətinə fikir verdi. Deməli, «birdəfəlik barıt» atıldı.
Ermənilər gördülər ki, bizimkilər Qarabağ adı ilə pul qazanmağa başlayıblar Qarabağın adını dəyişib qoydular «Artsax». İndi onlar başlayıb «Artsax» brendini tanıdacaqlar dünyaya, bizimkilər də «Qarabağ» adı ilə ölkə içində pul qazanacaqlar. Bizimkilər ayılıb görəcəklər ki, dünya artıq öyrəşib «Artsax» brendinə. Çünki onlar brend adı ilə pul qazanmaqla yanaşı, beynəlxalq auditoriyada iş aparmağı da unutmurlar. Onlar bizimkilər kimi «bir atımlıq barıt» prinsipi ilə işləmirlər. Qarabağ Azadlıq Təşkilatı adında bir təşkilatımız da var. Vaxtilə bütün beynəlxalq təşkilatlar və səfirliklər ilə görüşəndə onu «Azərbaycanın Yasser Arafatı» adlandırırdıq. Bununla onu bir ciddi struktur kimi təqdim etməkdə az rol oynanamışıq. QAT da öz işini ölkə daxilində «erməni ovuna» həsr edəndən sonra ona beynəlxalq təşkilatların ciddi yanaşmaları azaldı. Amma QAT-ın çoxlu sayda xeyirli işləri olsa da onların «erməni ovu» sevdası onları qeyri-ciddi oyunçuya çevirdi. Bu da «birdəfəlik barıta» bir misal.
«Qarabağ üçün oxu» və bu kimi yüzlərlə ideyalar fikirləşildi. Sərgilər keçirildi, konsertlər verildi. Səfərlər oldu, yardımlar, nəzir-niyazlar paylandı, qurbanlar kəsildi, yürüşlər keçirildi. Daha nələr olunmadı. Amma «barıt» tez qurtardı. Qarabağla bağlı davamlı bir iş görən biznesmen, ölkəsi üçün ürəyi yanan iş adamı və məmur göstərin mənə! Damalı iş — anım günlərində paylanan qurbanlar, şəhid ailələrinə paylanan yardımlar deyil ha, biləsiniz. Bu daha qlobal məsələdir. Onlar da «bir atımlıq barıt» prinsipi ilə işləyirlər. Ölkədə Qarabağ mövzusu ilə bağlı ardıcıl işləyən bir-iki struktur var ki, onlar da dövlət siyasətinin tərkibidir. Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər keçirir, təşəbbüslər maliyyələşdirir. Azərbaycan Respublikası Prezidentinin yanında QHT Dövlət Dəstəyi Şurası QHT-lərin layihələrini maliyyələşdirir. Mədəniyyət və Turizm Nazirliyi nələri isə edir. Müxtəlif saytlar dəstəklənir, Avropa Azərbaycan Cəmiyyəti müxtəlif tədbirlər keçirir. Ancaq qeyd etdiyim kimi bu dövlətin təşəbbüsü ilə uzlaşan fəaliyyətdir. Mənim dediklərim sadə azərbaycanlı və iş adamının Qarabağ üçün içərisindən gələn təşəbbüslərə aiddir. Qarabağı sevmək onun üçün işləməkdən asandır. Çünki Qarabağa sevgini elan edəndə, onun üçün yanğı ilə danışanda səni publika sevir, sənin vətənpərvərliyini alqışlayırlar. Qarabağ üçün kitab çap edəndə, film çəkəndə, beynəlxalq tədbir keçirəndə, elmi auditoriyalarda ermənilər ilə mübahisilər aparanda, ermənilər peyda olduqları bütün auditoriyada onların qarşısına çıxıb onlarla Qarabağ üçün polemika aparanda «Qarabağ» adına restoran açan, biznes quran, siyasətlə məşğul olan, oxuyan, yazan-pozan, müəllimi, həkimi, millət vəkili və jurnalisti sənə deyirlər ki, «işin-gücün yoxdur bəyəm?!». «Bu sənin işin deyil axı». «Qarabağ üçün polemika aparmaqdansa vuruşmaq lazımdır». Vuruşmaq lazım olanda isə restoran açanın yaşı artıq o yaş deyil, oxuyan, yazan «millətin sərvətidir», müəllim, həkim, siyasətçi və millət vəkilləri millətin elitasıdır. Onların vuruşmaq yaşı keçibdir. Vuruşmaq qərarını da dövlətin siyasətini həyata keçirənlər verir. 2016-cı il aprel hadisələri göstərdi ki, vuruşanlar hərbiçilər və ehtiyyatda olanlar oldular. «Какой то, порочный круг получается». Bircə deməyin ki, «işin-gücün qurtarıb sənin?!»
Əvəz Həsənov
Gununsesi.info