Aysel Əlizadə dindarlara məktub yazdı

  • Müəllif: Orxan
  • 03 Sentyabr 2026 15:46

Yazıçı Aysel Əlizadənin din xadimlərinə ünvanladığı bu çağırışında əsas diqqət dini mübahisələrdən daha vacib sosial və ictimai məsələlərə yönəldilir.

O, xüsusilə Həcc və ziyarətlərə xərclənən böyük vəsaitlərin müsəlman dünyasında təhsil, elm, texnologiya və mədəniyyətin inkişafına yönəldilməsini təklif edir.

Əlizadə din xadimlərini insanların şəxsi həyatına müdaxilədən çəkinməyə, dini qorxu və mənfi emosiyalar üzərindən deyil, sevinc, ümid və mərhəmət üzərindən təqdim etməyə çağırır.

Gununsesi.info sözügedən məktubu təqdim edir:

Hörmətli din xadimləri, siz artıq ciddi mətləblərə keçin. Həcc ziyarətinə axan pulların hesabını sorun, hara, kimlərin cibinə gedir o fantastik paralar, niyə müsəlman uşaqlarının təhsilinə, İslam dünyasında elmə, texnologiyaya, mədəniyyətə yatırılmır – bunları xəbər alın.

Qadın qaş alsınmı, almasınmı, Ramazanda çimmək olar, olmaz, Məhərrəmlikdə gülmək qadağandır, ya yox tipli sualları buraxın artıq. On dörd əsrdir nəyin haram, nəyin halal olduğuna qərar verə bilməmisiniz.

Əl çəkin daha insanlardan, onları Allahları ilə təkbətək buraxın, hər kəs qəlbinin səsi ilə yaşasın.

Adamları neqativə kökləməyin, ağlaşmaya, bədbəxtliyə sürükləməyin. İmkan verin, bu din işıqlı bir çalar alsın, sevinc, rahatlıq gətirsin.

Din maqnatlarından tələb edin, ziyarətgahlara yağış kimi tökülən vəsaitləri müsəlmanların inkişafına yatırsınlar. Bir stul, bir televizor, bir kompüter icad etməyən İslam dünyasının bədbəxtlikdən, səfalət və cəhalətdən qurtulması üçün çalışın.

İnsanların gülməyə, sevinməyə, ümidə, işığa ehtiyacı var. Çəkilin artıq, Günəşin önünü kəsirsiniz.

Elmar

Gununsesi.info