“Azəravtoyol” ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb

  • By admin
  • 23 Sentyabr 2016 14:30

a9a80ff4ffe39ef43420ab704a09d5c6

Azəravtoyol” ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb.

ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, baza Bakı 2 nömrəli Yol İstismarı MMC-nin tərkibində yaradılıb.

Bu münasibətlə istehsalat bazasına baxış keçirilib. Baxışda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.

S.Məmmədov ilk öncə istehsalat bazasında çalışan insanların iş şəraiti ilə yaxından tanış olub. Məlumat verilib ki, burda işçilərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb, otaqlar lazımi avadanlıqlarla təchiz edilib.

Daha sonra bazanın ərazisində qurulan asfalt-beton və emulsiya zavodlarına baxış keçirilib. Məlumat verilib ki, asfalt-beton qarışığı istehsal edən “Lintec-3000” zavodu Almaniya istehsalıdır və saatda istehsal gücü 240 tona bərabərdir. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, 4 km-ə yaxın yüksək təzyiqli qaz xətti çəkilib.

Bundan başqa asfalt zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulub. Bitum çənlərindən 2-i xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt istehsalı üçün nəzərdə tutulub.

Qeyd edək ki, ərazidə asfalt-beton qarışığının istehsalı üçün kifayət qədər ehtiyat material da toplanıb. İstehsalat bazasının ərazisində mini emulsiya istehsalı zavodu da fəaliyyət göstərir. Burda asfalt-beton örtüyünün döşənəcəyi sahəyə vurulması üçün nəzərdə tutulmuş xüsusi emulsiya istehsal olunur.

Daha sonra ərazidə fəaliyyət göstərən laboratoriyaya baxış keçirilib. Laboratoriyada hazır asfalt-beton qarışığının, bitumun və bütün növ inert materiallarının keyfiyyətinə və möhkəmliyinə nəzarət etmək mümkündür. Bunun üçün laboratoriya Avropa istehsalı xüsusi avadanlıqlarla təchiz edilib.

İstehsalat bazasına girib-çıxan bütün yük maşınlarının yoxlanılması üçün kompüterləşdirilmiş tərəzi də quraşdırılıb. Tərəzidə bir dəfəyə 80 ton yükü yoxlamaq mümkündür.

Gununsesi.info