Azərbaycan hökumətinin qarşısına qoyulan yeddi tələb…

  • Müəllif: admin
  • 09 Dekabr 2016 16:35

musavire

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) təşkilatındakı  Azərbaycanın “namizəd ölkə” statusunun saxlanması  üçün hökumət qarşısında ağır şərtlər qoyulub. Bu şərtlərin icrasına görə hökumətə mart ayınadək vaxt verilib. Əlbəttə, bu şərtlərin icrası MHŞT Standartlarında qarşıya qoyulan tələblərin yerinəyetirilməsindən keçir.

Bu tələblər nədən ibarətdir? 

Birinci tələbdə-  MHŞT Çoxtərəfli qrup tərəfindən nəzarətin olması, o cümlədən hökuməti və şirkətləri cəlb edən, habelə vətəndaş cəmiyyətinin tam, müstəqil, fəal və səmərəli iştirakını təmin edən Çoxtərəfli qrupun fəaliyyət göstərməsi nəzərdə tutulur.

İkinci tələb, hüquqi və institusional konsepsiya, o cümlədən müqavilələrin və lisenziyaların təyinatından ibarətdir. Burada  MHŞT hasilat sektorunun idarə edilməsi üzrə qaydalarla bağlı məlumatların açıqlanması tələb edilir.

Üçüncü tələb, kəşfiyyat və hasilatdırla bağlı hesabatlılıqdır.

Dördüncü tələbdə- gəlirlərin toplanması məsələsi yer alır.  Bu sırada şirkət ödənişləri və dövlət gəlirləri barədə biliklər ictimaiyyəti mineral ehtiyatların hasilatı sənayelərinin idarə edilməsi üzrə məlumatlandıra bilər. MHŞT mineral ehtiyatların hasilatı sənayesində fəaliyyət göstərən şirkətlərin ödənişləri və dövlət gəlirlərinin hərtərəfli tutuşduraraq yoxlanılmasını tələb edir. Gəlirlərin toplanması ilə əlaqədar MHŞT tələblərinə aşağıdakılar daxildir:

–  vergilərin və gəlirlərin hərtərəfli açıqlanması;

– dövlətin hasilat payının satışı və ya natural formada toplanan digər gəlirlər;

– infrastruktur təchizatı və barter razılaşmaları;

– nəqletmədən gəlirlər;

– məlumatın vaxtında təmin edilməsi;

– məlumatın keyfiyyəti və s.

Beşinci tələb -gəlirlərin bölüşdürülməsidir. Gəlirlərin bölüşdürülməsi ilə əlaqədar MHŞT tələblərinə aşağıdakılar daxildir:

– gəlirlərin bölüşdürülməsi;

– sub-milli köçürmələr;

– gəlirlərin idarə edilməsi və xərclər.

Altıncı tələb isə sosial və iqtisadi xərclərlə bağlı şəffaflıq məsələləridir.

Ən nəhayət yeddinci tələb nəticələr və təsirin qiymətləndirilməsidir. 

“Hökumət qanunda dəyişiklik etməyəcək”

Azərbaycanda hökuməti, eyni zamanda mədən hasilatında fəaliyyət göstərən şirkətlər bu tələbləri icra etməyə hazırdılarmı? Bunun üçün hansı addımlar atılmalıdır? Ekspertlərin fikrincə, ilk olaraq qanunvericilik bazasında dəyişikliklər edilməlidir. Benefisiar sahiblik, hüquqi və fiziki şəxslər barədə kommersiya sirrililiyi haqqında, vətəndaş cəmiyyəti, qrantlarla bağlı qanunvericilik aktlarına dəyişikliklər edilməlidir.  Vergilər Nazirliyi və Ədliyyə Nazirliyinə ünvanladığımız sorğularda belə bir hüquqi sənədlərin hazırlanmasının gündəmdə olmadığını öyrəndik.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlının fikrincə, hökumət MHŞT-nın Azərbaycanın qarşısına irəli sürdüyü tələbləri yerinə yetirməyəcək: “ Qanunvercilik bazasında dəyişikliklərə getməyəcək. Azərbaycan hökumətinin əsas çəkindiyi yer xarici kreditlərin alınmasında qarşılarınaçıxan əngəllər idi. Artıq beynəlxalq maliyyə təşkilatlar- Asiya İnkişaf Bankı, Dünya Bankı, Avropa və Yenidənqurma Bankı və sair kredit xətlərinı ayırıblar. Sadəcə olaraq, Azərbaycan hökuməti imicinə görə MHŞT-də qalmaq niyyətindədir. Burada qalmaq daha çox vətəndaş cəmiyyəti üçün faydalıdır”. 

MHŞT standartlarının 7 tələbinin icrasındakı real vəziyyət belədir…

M.Qəhrəmanlı deyir ki,  Bu prosesə qoşulan şirkətlər beynəlxalq bazarda imiclərini qurmaq üçün qoşulublar: “Mədən hasilatında məşğul olan şirkətlərin nə hesabatlılıqları var, nə də saytları, onlar heç sorğulara da cavab vermirlər. Məsələn, Global Energy bu təşəbbüsə qoşulub və 5 əməliyyat şirkəti var. Bu şirkətlərin heç birinin saytı və hesabatı yoxdur, heç infomasiya sorğularına açıq da deyillər. İnsan hüquqlarının ən çox pozulduğu şirkətlərdir. MHŞT hesabatlılığı deyəndə daha çox “Bp”, “Statoyl” və Azərbaycan Dövlət Neft Şirkətinin hesabatlılığının yer aldığını görürük”.

Ekspert hesab edir ki, neft şirkətlərində Vergilər Nazirliyi ciddi yoxlamalar aparmalıdır: “Bir müddət əvvəl   “AMEC Services Limited” şirkəti podratçı vəsubpodratçı qismində layihələrdə iştirakı zamanı 345 milyon dollarlıq vergi yayınmasını araşdırıb ortaya qoymuşduq.  Eyni vəziyyət Global Energy-yə daxil olan əməliyyat şirkətlərinə də aiddir. Təəssüf ki, qeyri-neft sektorunda sahibkarların boğazına çökən  Vergilər Nazirliyi neft şirkətlərində ciddi yoxlamalar aparmır. Çünki  bu şirkətlərin başında duran məmur-oliqarxlardan çəkinirlər”. 

Neft gəlirlərinin şəffaflığına kölgə düşürən məqamlar

2014-cü ilə dair MHŞT hesabatına Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisisyasının rəyindən məlum olur ki, tələblərin icrasında əsas problemlərdən biri gəlirlər və ödəmələr haqqında məlumatların natamamlığıdır.  Belə ki, rəydə bu istiqamətdə aşağıdakı narahatlılıqlar üzə çıxarılıb:

– MHŞT Standartının 3-cü tələbinə uyğun olaraq dövlət büdcəsi və icmal büdcə ilə təsvirlər aydın təsir bağışlamır. Hasilat sənayesi gəlirlərinin dövlət və icmal büdcələrinin gəlirlərinə daxil olması mexanizmi (sistemə girişi) və ierarxiya aydın təsvir edilməyib. Buna görə də hesab edirik ki, hüquqi və fiskal rejimlər barədə məlumatlar hüquqi normaların və fiskal öhdəliklərin sadalanması formasında yox, qrafik şəkildə (əyanisxemlərlə) verilmiş çərçivə təsiri bağışlamalıdır.

– Eyni zamanda ölkənin neft-qaz ehtiyatlarının həcmi, dənizdə və quruda olan neft-qaz yataqları üzrə fəaliyyətdə olan sazişlər, növbəti illərin hesabatlarında boru kəmərlərinə dair də məlumatların genişləndirilməsini – ötürmə qabiliyyəti və ixrac edilmiş məhsullar üzrə statistikanın Hesabata əlavə edilməsini – məqsədəuyğun hesab edilir.

– SOCAR-ın kvazi-fiskal əməliyyatları ilə bağlı araşdırmalar davam etdirilməli və növbəti illərin MHŞT Hesabatlarında bununla bağlı daha dolğun məlumatlar yerləşdirilməlidir. Dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın gəlirlərinin kəskin azalması və onun maliyyə durumu iləbağlı yarana biləcək narahatlıqlar və şirkətin vəsaitlərindən daha səmərəli istifadə edilməsi zəruriliyi bu məsələnin aktuallığını daha da artırır.

–  Standartın tələbi  gəlirlərin idarə edilməsi və xərclər barədə əlavə məlumatların hesabatlara daxil edilməsini təşviq edir. 2013-cü ilin Hesabatında olduğu kimi 2014-cü ilin Hesabatına da bu məlumatlar daxil edilməmişdir. QHT Koalisiyası Şurası növbəti illər üzrə hesabatlara bu məlumatların (belə məlumatlar açıq mənbələrdə mövcuddur) daxil edilməsini yaxud həmin məlumatların yerləşdirildiyi açıq mənbələrə istinadlaırn verilməsi ölkəmizin şəffaflıq imicinin yüksəldilməsi baxımından əhəmiyyətli hesab edir.

–  Standartın 4-cü tələbi hökumətin hasilat sənayesindən olan bütün gəlirlərinin və hasilat şirkətlərinin hökumətə bütün əhəmiyyətli ödənişlərinin MHŞT Hesabatında hərtərəfli əks olunmasından ibarətdir.  Bu bölmədə əsasən, üzləşmə prosesində şirkətlərlə hökumətin hesabat məlumatları arasında çoxsaylı kənarlaşmaların (fərqlərin) olması narahatlıq doğurur. Üzləşdirmə prosesində meydana çıxan fərqlərlə (düzəlişlərlə) bağlı izahat yetərli və tam anlaşıqlı deyil. Kənarlaşmaların səbəbləri ilə bağlı izahatlar daha geniş və ətraflı verilməlidir, habelə burada seçmə üsulu ilə şirkətlər üzrə aparılan əminlik yoxlamalarının nəticələrinə istinad olunmalıdır.

– Şahdəniz HPBS üzrə hökumətə ödənişlərin məbləği ilə bağlı MHŞT Hesabatında və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) 2014-cü ilüzrə illik hesabatında olan məbləğlər arasında 8.8 milyon ABŞ dolları fərq var. Belə ki, ARDNF-in 2014-cü il üzrə illik hesabatında  göstərilir ki, həmin il buŞahdəniz HPBS qaz satışından Fonda 532.0 milyon ABŞ dolları məbləğində vəsait daxil olub .

– Yerli və xarici hasilat şirkətlərinin DSMF-ə ödənişlərinin illik bütün oxşar ödənişlərinin ümumi məbləğində payı, bu payın illər üzrə dəyişməsi və bunun məşğulluq strukturu ilə müqayisəsi formasında təqdim edilməlidir.

– Nəqletmə tarifləri, tarif dərəcələri və nəqletmənin digər göstəricilərinin açıqlanması təmin edilməlidir və sair.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri  Azər Mehtiyevin sözlərinə görə, 2014-cü ilin təcrübəsindən çıxış edəndə, hesabat  daha çox Dövlət NeftŞirkətinin fəaliyyəti ilə bağlı olub: “ Dövlət Neft şirkətinin digər dövlət qurumları ilə münasibətləri, yaratdığı törəmə, birgə müəssisələr,  benefisiar sahiblik məsələləri ilə bağlı problemlər önə çəkilib”.

İqtisadçı hesab edir ki, hesabatda gəlirlərin açıqlanması ilə bağlı ciddi iradlar yoxdur: “Lakin həm Çoxtərəfli Qrup tərəfindən müəyyən olunan gəlir növləri üzrəşirkətlərin təqdim etdiyi rəqəmlərdə kənarlaşmalar müşahidə olunur. Ən çox da problem şirkətlərin məlumatlarında üzə çıxıb. Hələ elə bir hal olmayıb ki, şirkətödənişi göstərsin, hökumət  təqdim etdiyi rəqəmlərdə az olsun və ya düzəliş etməli olsun. Həmişə düzəlişlər şirkətlər tərəfindən həyata keçirilir. Yəni şəffaflıqla bağlı bu  məsələ narahatlıq doğurur. 2014-cü ilin hesabatında 16 kənarlaşma qeydə alınıb. Müqayisə göstərir ki, belə səhvlərin əksəriyyəti hər il eyni şirkətlər tərəfindən baş verir.  Üzləşmə prosesində şirkətlərlə hökumətin hesabat məlumatları arasında çoxsaylı kənarlaşmanın aradan qaldırılması üçün Çoxtərəfli Qrup ilə Müstəqil Administrator tərəfindən daha ciddi tədbirlərin görülməsi zəruridir.

Hazırda MHŞT çərşivəsində  şirkətlərin hamısından bütün gəlir növləri üzrə detallaşdırılımış məlumatlarla əhatə etməyə çalışılır.  Burada narahatlıq  doğuran məqamlardan biri Dövlət Neft Şirkətinin iştirakçısı olduğu layihələrdir.  Həmin layihələrdə şirkətə çatacaq vəsaitlər, müqavilələr barədə məlumatlar əldəetməyə çalışır”.

A.Mehtiyev bildirir ki, gəlirlərin toplanması ilə bağlı “nəqletmə” əldə olunan vəsaitlərin dəqiqləşdirilməsinə ehtiyac var. Sazişlərin, müqavilələrin hamısının ictmiaiyyətə açıqlanması istiqamətində islahatlar aparılmalıdır.

Bunun üçün isə qarşıda duran ən ümdə məsələ “Neft –qaz haqqında” və benefisiar sahiblik haqqında qanunların qəbuluna ehtiyac var.

Vüsalə Rüstəmova

Gununsesi.info