“Azərbaycan işğal olunmuş ərazilərində ermənilərə məxsus istənilən uçan obyekti vurmalıdır” - ÜZEYİR CƏFƏROV

  • Müəllif: admin
  • 25 May 2017 12:44

ceferov-uzeyir

Əgər ermənilər Xocalı aeroportundan istifadəyə başlayarsa, Azərbaycan buna sərt və qətiyyətli reaksiya verərək öz hava məkanında qanunsuz uçan istənilən obyekti vurmalıdır.

Bunu Gununsesi.info-ya hərbi ekspert Üzeyir Cəfərov ermənilərin Xocalı aeroportundan istifadə edərək Şuşaya uçuşlar həyata keçirmək niyyəti ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, iyun ayında ATƏT-in Minsk Qrupu həmsdrlərinin regiona növbəti səfəri planlaşdırılır və ermənilər də həmsədrlərin səfəri yaxınlaşdıqca cəbhə bölgəsində qəsdən vəziyyəti gərginləşdirib müxtəlif xarakterli təxribatlara əl atırlar. “Xocalı aeroportu ətrafındakı məsələ də buna xidmət edir. Baxmayaraq ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı da zamanında Ermənistana xəbərdarlıq edərək, belə təxribatlardan çəkinməyə və beynəlxalq hava uçuş qaydalarına ciddi riayət etməyə çağırıb”- deyə, ekspert vurğulayıb.

Ekspert əlavə edib ki, artıq rəsmi Bakı Xocalı aeroportu ilə bağlı ermənilərin bu hərəkətini təxribat xarakterli və danışıqlar prosesini pozmağa yönələn addım kimi dəyərləndirib: “O zaman Müdafiə Nazirliyi bundan sonra sözdən konkret əməli fəaliyyətə keçməlidir. Yəni Bakı öz işini bəyanat verməklə bitirməməlidir. Azərbaycan hava məkanını qanunsuz uçan istənilən obyekti, xüsusən də işğalçılara məxsus mülki və ya hərbi olmasından asılı olmayaraq uçan obyekti mütləq vurulmalıdır. Buna göz yummaq olmaz. Əks təqdirdə bunun davamı olacaq və İrəvan bu yoldan öz hərbi məqsədləri üçün istifadə edəcək. Bu da ö növbəsində, işğal olunmuş ərazilərdə heç də xoşagəlməyən proseslərin başlanmasına yol açacaq. Bu, Azərbaycanın hüququdur. Beynəlxalq hüquq da buna imkan verir. Çünki Beynəlxalq Mülki Aviasiya Təşkilatının bununla bağlı mövqeyi var”.

Üzeyir Cəfərov onu da əlavə edib ki, əslində İrəvan bununla Bakının reaksiyasını öyrənməyə çalışır və biz də öz növbəmizdə, ermənilərin bu hərəkətlərinə layiqincə cavab verməliyik.

Mürtəza

Gununsesi.info