
Bu gün Azərbaycan ordusunun uğurlu Horadiz əməliyyatından 25 il ötür.
“Gununsesi.org” xəbər verir ki, 1993-cü ilin dekabrından başlayaraq yanvarın 6-dək davam edən əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçib.
Horadiz əməliyyatında iştirak edən 702-ci briqada yanvarın 5-də bir gün ərzində qənimət kimi 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.
Əməliyyat nəticəsində ümumilikdə 21 min hektar ərazi Azərbaycanın nəzarətinə keçib.
Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qışında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyat zamanı misilsiz qəhrəmanlıq göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.












