Azərbaycan Rusiya və İranla yeni dəhliz yaradır

  • Müəllif: admin
  • 07 May 2018 20:31

İranda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov mayın 7-də bu dövlətin energetika naziri Reza Ardakanian ilə görüşüb. 

Gununsesi.info xəbər verir ki, görüşdə iki ölkənin enerji sistemləri arasında həyata keçirilən elektrik enerjisi mübadiləsi, elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlər, eləcə də bu yaxınlarda İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirən addımlar kimi qiymətləndirilib.

Görüşdə, həmçinin, Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı müzakirələrin məqsədəuyğunluğu qeyd edilib.

Görüş zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Gununsesi.info