“Azərbaycan şəffaflıq prinsiplərinə sadiq qaldı” - ŞAHMAR MÖVSÜMOV

  • Müəllif: admin
  • 08 Dekabr 2017 14:34

Bu gün Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə 2016-cı il üzrə ilk hesabatını təqdim etdi.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) üzvlüyünə gedən yoldan və ölkəmizin oranı tərk etməsindən danışdı.

Onun sözlərinə görə, MSŞT yarandığı gündən, Azərbaycan oranın ilk üzvlərindən olub: “Bu müddət ərzində 20-dən çox hesabat hazırlamışıq. Buna baxmayaraq, Azərbaycana qarşı ikili standartlar tətbiq edilib. 2013-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü tərəfindən Azərbaycana qarşı ikili standartların və qərəzli mövqenin sərgiləndiyini gördük. Azərbaycana qarşı ədalətsiz bir qərar qəbul olundu. Mart ayında Boqota toplantısında bu qurumdakı fəaliyyətini dayandırması haqqında bəyanat verdi”.

Ş.Mövsümov bildirdi ki, bu gün təqdim olunan bu hesabat MHŞT-dən kənar ilk şəffaflıq hesabatıdır: “Aprelin 5-də prezident tərəfindən komissiya yaradılıb və may ayından başlayaraq dəfələrlə görüşlər keçirilib. Komissiyanın bütün üzvləri yekdilliklə qeyd ediblər ki, bu hesabat əvvəlkilərdən daha əhatəli olmalıdır. Biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxdıqda sonra daha əhatəli hesabat hazırladıq. Biz bu prosesə müstəqil auditor da cəlb etmişik. Bu hesabat bir sıra yeni məlumatlarla zənginləşdirilib, SOCAR-ın sosial xərcləri, Hasilatın Pay Bölgüsü sazişləri ilə bağlı ətraflı məlumatlar yer alıb. Bir sözlə, Azərbaycan təşkilat olaraq MSŞT-dən çıxdığını bəyan edib, amma bu təşkilatın şəffaflıq prinsiplərinə sadiq qalıb”.

Vüsalə

Gununsesi.info