Azərbaycanda adambaşına 45, Gürcüstanda isə 98 dollar səhiyyə xərci düşür - RÖVŞƏN AĞAYEV

  • By admin
  • 20 Noyabr 2017 13:06

“Gələn il üçün Sosial Müdafiə Fondunun büdcəsi ilə birlikdə Azərbaycanın dövlət büdcəsinin xərcləri 22.3 milyard manat, hazırkı məzənnə ilə 13 milyard dollar proqnozlaşdırlır. Bu, adambaşına təxminən 1340 dollar edir. Gürcüstanın dövlət büdcəsi isə təxminən 12.5 milyard lari, hazıkı məzənnə ilə 4.9 milyard dollar proqnoz edilir. Bu, adambaşına təxminən 1315 dollar edir”.

Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, böyük neft pulları hesabına aldığı dəstəyə baxmayaraq, Azərbaycanın dövlət və Sosial Müdafiə Fondunun əhalinin hər nəfəri hesabı ilə 2018-ci ildə xərcləməyi planlaşdırdığı vəsaitin həcmi Gürcüstanla təxminən eynidir.

R.Ağayev deyir ki, bu iki dövlətin səhiyyə xərclərinə baxanda böyük fərq görünür: “Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə 740 milyon manat (450 milyon dollar) xərc nəzərdə tutulur ki, bu adambaşına təxminən 45 dollara bərabərdir. Gürcüstanın dövlət büdcəsində isə 929 milyon lari (365 milyon dollar) proqnozlaşdırılır ki, bu adambaşına 98 dollara bərabərdir. Göründüyü kimi fərq 2 dəfəyə yaxındır.
Azərbaycanın dövlət və Sosial Müdafiə Fondundan sosial müdafiə və təminata 4.5 milyard manat (2.650 milyard dollar) nəzərdə tutulur ki, bu əhalinin hər nəfəri hesabı ilə 273 dollar edir. Gürcüstanın dövlət büdcəsində isə təxminən 2.5 milyard lari (1 milyard dollar) proqnozlaşdırılır ki, bu adambaşına 269 dollara bərabərdir – hər 2 ölkədə adambaşına sosial müdafiə xərci eynidir.
Azərbaycanın dövlət büdcəsindən təhsilə 2 milyard manat (1.170 milyard dollar) xərclənəcək ki, bu hazırkı məzənnə ilə adambaşına 120 dollara bərabərdir.Gürcüstan isə təhsilə 1.2 milyard lari (470 milyon dollar ) və ya adambaşına 125 dollar xərcləməi planlayır.

Belə müqayisələrə baxmaq lazımdır ki, şirin inkişaf nağılları ilə uzun və dərin yuxulara dalmayaq”.

Vüsalə

Gununsesi.info