Azərbaycanda sahibkarlara gözəl şərait yaradılıb - İLHAM ƏLİYEV

  • By admin
  • 24 May 2018 22:48

“Məcburi köçkünlər üçün bu ölçüdə, bu miqyasda yaşayış mərkəzinin yaradılması ilk dəfə baş verir”

““Qobu Park” yaşayış kompleksinin yaradılması Azərbaycan dövlətinin siyasətini göstərir, köçkünlərə olan qayğının təzahürüdür. Cəmi bir il ərzində bu gözəl yaşayış kompleksi yaradılıbdır. Düz bir il bundan əvvəl bu kompleksin təməli qoyulmuşdur. O vaxt Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak etmişdir. Cəmi bir il ərzində gözəl yaşayış kompleksi yaradılıb”.

GUNUNSESİ.İNFO-nun xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, bu kompleksin bütün infrastrukturu yaradılıb: “Elektrik, su, qaz xətləri, bütün infrastruktur məsələləri həll olunub, yollar çəkilib, həm qəsəbədaxili, həm də magistral yola çıxış yolu salınıbdır. Doqquzmərtəbəli on bir yaşayış binası tikilib, gözəl şərait yaradılıb. Mən indi mənzillərlə tanış olmuşam. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Gözəl məktəb – 624 şagird yerlik, uşaq bağçası – 220 nəfərlik, tibb məntəqəsi, poçt məntəqəsi, polis məntəqəsi, yəni, yaşamaq üçün bütün şərait yaradılıb və ən yüksək səviyyədə. Gözəl ictimai zonalar yaradılıb, ağaclar əkilib, parklar salınıb. Hesab edirəm ki, bu, köçkün şəhərciklərinin arasında öz gözəlliyi və şəraiti ilə seçilən mərkəzlərdən biridir.

Bu şəhərciyin özəlliyi ondan ibarətdir ki, onun tikintisində özəl sektor fəal iştirak edib, əslində, bunun təşəbbüskarı, icraçısı olub. Son vaxtlar sahibkarlar bir çox sosial layihələr icra edirlər. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim, demişdim ki, sahibkarların sosial məsuliyyəti artmalıdır. Sahibkarlara Azərbaycanda gözəl şərait yaradılıb. Azərbaycan sahibkarlıq üçün çox gözəl ölkədir. Gözəl investisiya iqlimi yaradılır. Sabitlik, əmin-amanlıq hökm sürür. Biznesin inkişafı bizim dövlət siyasətimizdir. Bizim ümumi daxili məhsulumuzun 80 faizi özəl sektorda formalaşır. Belə olan halda daim mən sahibkarlara müraciət edərək tövsiyə etmişdim ki, onlar sosial layihələrə daha böyük diqqət göstərsinlər. Bu, bu sahədə görülən işlər arasında ən genişmiqyaslı layihədir. Bu günə qədər sahibkarlar məktəb, uşaq bağçası tikintisi ilə fəal məşğul olmuşlar. Ancaq məcburi köçkünlər üçün bu ölçüdə, bu miqyasda yaşayış mərkəzinin yaradılması ilk dəfə baş verir.

Bu yaşayış kompleksinin maliyyələşməsində də sahibkarlar iştirak ediblər. Dövlət bu kompleksin yaradılmasına vəsait ayırmayıb. Buna görə bu işi görən “Paşa Holdinq” şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. “Paşa Holdinq” Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır”.