
Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçridiyi iqtisadi islahatlar prosesində türk şirkətləri müstəsna rol oynaya bilər və dipolatik fəaliyyətim dövründə Türkiyənin və türk şirkətlərinin bu istiqamətdə oynaya biləcəyi rolu artırmaq istiqamətində səy göstərəcəyik.
Gununsesi.info xəbər verir ki, bu fiki Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərtac-a müsahibəsində deyib.
“Zənnimcə, hazırda dünyada yaşanan iqtisadi böhran dövrün ölkələrimiz üçün bəzi imkanlar da yaradır. Azərbaycan hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün uğurlu iqtisadi islahatlar həyata keçirməkdədir. Bu prosesdə Türkiyənin və türk şirkətlərinin oynaya biləcəyi rolu artırmaq iqtisadi sahədə diplomatik fəaliyyətlərimiz sırasında mühüm yer tutacaq”- deyə, türkiyəli diplomat vurğulayıb.
Onun sözlərinə görə,bundan başqa, səfirlik olaraq bir-birimizin mədəniyyətini və incəsənətini daha yaxşı öyrənməyi və təbliğ etməyi nəzərdə tutan müxtəlif layihələri həyata keçirməyi planlaşdırırıq.
İki ölkə arasındakı münasibətlərə toxunan səfir deyib ki, əlaqələrimiz yüksək səviyyədədir: “Xüsusən dövlətlərarası münasibətlərdə Türkiyə-Azərbaycan əlaqələrinin və qardaşlığının başqa bir örnəyi yoxdur. Münasibətlərin bu səviyyəsinə görə ortaq tariximizin köklü mirası üzərində möhtərəm prezidentlərimizin qurduğu möhkəm dostluğa və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımıza borcluyuq. Müasir dövrdə Azərbaycan və Türkiyə bütün sahələrdə bir-birinə dəstək olan ən yaxın strateji müttəfiqdir”.
Səfir deyib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq bağları heç vaxt sarsılmayacaq. “Çünki bu bağlar mənbəyini və gücünü tarixdən, ən əsası isə iki ölkənin qəlbindən alır. Məhz buna görə də bir türk diplomatı üçün Azərbaycanda Türkiyənin səfiri olaraq xidmət etmək çox böyük şərəfdir. Bu şərəfə layiq olmağa, xalqlarımızın keçmişdə və bu gün olduğu kimi, gələcəkdə də əl-ələ verərək, gündən-günə daha da güclənərək hərəkət etməsi üçün bacardığım qədər fayda verməyə çalışacağam”- deyə, E.Özoral vurğulayıb.
Səfir əlavə edib ki, dostluq və qardaşlığımızın daha da güclənərək davam etməsi üçün bizim üzərimizə düşən əsas vəzifə onsuz da yüksək səviyyədə olan əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişafına fayda verməkdir: “Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, təhsil və humanitar sahələr də daxil olmaqla, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələr qurulub. Hörmətli prezidentlərimiz və digər yüksək səviyyəli dövlət adamları müntəzəm görüşlər keçirirlər. Əlbəttə, bu görüşlər qarşıdakı dövrdə də davam edəcək.
Ölkələrimiz üçün də, regionumuz üçün də sabitlik və rifah mənbəyi olan TANAP və Bakı-Tbilisi-Qars kimi böyük enerji və nəqliyyat layihələrinin başa çatdırılması üçün var gücümüzlə çalışacağıq. Eyni qaydada regionda əməkdaşlığa istiqamətlənən, Azərbaycanın və Türkiyənin daxil olduğu üçtərəfli əməkdaşlıq mexanizmlərini inkişaf etdirərək və gücləndirərək bizə verilən tapşırıqlar əsasında fəaliyyət göstərəcəyik”.
Gununsesi.info












