Azərbaycanın güclü hava müdafiə sistemləri olmasaydı… - Politoloq

  • By admin
  • 12 Oktyabr 2021 11:35

“Ermənistan müharibə qanunlarına riayət etməyib. Onlar döyüş meydanında qarşımızda dura bilməyib, mülki əhalini müxtəlif raketlərdən atəşə tutub”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, müharibə dövründə Azərbaycan Ordusu mülki əhaliyə atəş açmayıb: “Gəncə, Bərdə, Tərtər ermənilər tərəfindən ballistik raketlərdən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri isə bütün qaydalara riayət edərək döyüş meydanında düşməni məhv edib. Ermənilərin belə xain hərəkət etməsi nəticəsində mülki əhalimiz arasında itkilər oldu. Ermənistan bu cür hərəkətlər etməklə müzəffər Azərbaycan Ordusunda qorxu yaratmaq istəyirdi. Onlar bu cür hücumları Birinci Qarabağ müharibəsi dövründə də həyata keçiriblər. Serj Sarksiyan özü söyləyib ki, “Azərbaycanlılar elə bilirdilər ki, biz mülki əhaliyə atəş aça bilmərik, Xocalı soyqırımı zamanı isə biz öz gücümüzü mülki əhaliyə göstərərək inandırmaq istədik ki, ermənilər hər şeyə qadirdir”. Yəni ermənilər silahsız mülki əhaliyə qarşı hərbi cinayətlər törədiblər”.

Q.Hüseynli vurğulayıb ki, ermənilər mülki əhaliyə atəş açaraq cəmiyyət daxilində olan birliyi pozmaq istəyirdilər: “Ermənistan döyüş meydanında aldığı ağır itkilərin əvəzini daxildə çaşqınlıq yaradaraq almaq istəyirdi, ancaq istəklərinə nail ola bilmədilər. Azərbaycan xalqı cəsarətli olduğunu həm döyüş meydanında, həm də arxa cəbhədə göstərdi. Vətəndaşlarımız qorxuya düşməyərək könüllü şəkildə orduya dəstək göstərirdilər. Bu müharibə bir daha göstərdi ki, Azərbaycanın güclü hava müdafiə sistemləri olmasaydı, Bakı və digər ərazilərdə olan strateji nöqtələr raketlərlə vurula bilərdi. Hətta o raketlərdən biri də Şuşaya atılıb, ancaq həmin raket oradan 25 kilometr kənarda partlayıb. Bakı və Mingeçevirə atılan ballistik raketlər isə hava müdafiə sistemlərimiz tərəfindən məhv edilib. Ermənistan müharibə zamanı heç bir niyyətinə nail ola bilməyib”.

Gununsesi.info