“Azərbaycanın tank briqadası Xocalıya girsin” — PARADLA BAĞLI TƏKLİF

  • By admin
  • 20 Aprel 2021 22:20

Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb. 

Bu isə cəmiyyətdə haqlı narahatlığa səbəb olub.
Gununsesi.info xəbər verir ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sfera.az-a açıqlamasında konkret təklif irəli sürüb. O qeyd edib ki, 9 May Azərbaycanda da dövlət bayramıdır və buna görə də hərbçilərimiz sözügedən parada qatıla bilər:

“Əgər sülhməramlılar Xocalı hava limanında parad keçirmək istəyirlərsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə “komando”larının göndərilməsini təklif edirəm. Bax, bu, yüksək səviyyəli bir tədbir olacaq!”.

Qeyd edək ki, aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.
Gununsesi.info