Azərbaycanlılar niyə Gürcüstanı seçir?

  • By admin
  • 08 İyul 2016 01:03

gurcu-turizm

Gürcüstan turistlərin cəlb olunması baxımından Cənubi Qafqazda liderdir

Bu ilin əvvəlindən 680 mindən çox Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 18,1 faiz çoxdur. Gürcüstan mediasının məlumatına görə, azərbaycanlılar bu göstərici üzrə birinci yeri tutur.

Ikinci yerdə Türkiyədən olan turistlər qərarlaşıb – 629 min nəfər. Sonrakı sıraları Ermənistan (533 min), Rusiya (397 min) və Ukrayna (69 min) tutur.

Ümumilikdə, son altı ayda Gürcüstanda beynəlxalq ziyarətçilərin sayı 2,6 milyon nəfər olub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz çoxdur.

Gürcüstan rəsmiləri xaricdən gələn səyahətçilərin sayının durmadan artdığını, ölkəyə nəinki qonşu dövlətlərdən, həmçinin Avropa ölkələrindən çoxlu sayda turistin gəldiyini deyirlər. Rəsmi rəqəmlərə görə, 2015-ci ildə ölkə turizmdən 194 milyon dollar gəlir götürüb.

Maraqlıdır, Gürcüstanın turizm sektorunun bu qədər uğur əldə etməsinin səbəbi nədir? Azərbaycanlılar nədən ölkəmizin turizm obyektlərinə deyil, qonşu ölkəyə səfər etməyə bu qədər maraqlıdır?

Ekspertlərin fikrincə, xidmətlərin yüksək keyfiyyəti və normal qiymət, eləcə də təbii landşaft burada turizmin dinamikasına təkan verib. Əsasən də yay fəslində Gürcüstana turist axını ölkənin turizm sənayesi üçün böyük uğur vəd edir. Nəticədə ölkə turistlər üçün mənzərəli ərazilərilə yanaşı, qiymətlərin ucuzluğu və xidmət səviyyəsinin üstünlüyü baxımından da insanların axın etməsinə şərait yaradır.

Araşdırmalara görə, Gürcüstana səfər edən azərbaycanlılar qonşu ölkəyə əsasən turist kimi, alış-veriş etmək, qohum-əqrabasına baş çəkmək üçün gedirlər.

Ümumiyyətlə, Gürcüstan turistlərin cəlb olunması baxımından Cənubi Qafqazda lider mövqedədir. Azərbaycanın təbii xüsusiyyətləri, turizm üçün yetərli şəraiti olsa da, xidmət və qiymətlərin bahalığı əhalinin istirahət üçün Gürcüstanı seçməsinə səbəb olur. Nəticə isə soydaşlarımızın il ərzində qonşu ölkəyə səfər edənlərin ilk sırasında durmasına gətirib çıxarır.