Azərbaycanlı əsirlərə işgəncə verən generalın mer oğlu istefa verdi

  • By admin
  • 18 İyun 2018 11:00
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saxladığı deputat, general Manvel Qriqoryanın oğlu Karen Qriqoryan mer vəzifəsindən istefa verib.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki,  Vaqarşapat şəhər meri Karen Qriqoryan özü Facebook sosial şəbəkəsindəki səhifəsində bu haqda yazıb: “Mən – Karen Qriqoryan, öz xahişimlə istefa verirəm”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryanı ötən gün saxlayıb.

Bu hadisə ilə əlaqədar iki cinayət işi çərçivəsində eyni zamanda axtarışlar aparılıb, nəticədə xeyli sayda qanunsuz saxlanılan silah-sursat tapılıb.
“Erkrapa” kümüllü veteranlar ittifaqının sədri, general-deputat Manvel Qriqoryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq, qanunsuz silah-sursat əldə edib və saxlayıb. Axtarış işləri çərçivəsində, generala məxsus bağ evində, digər yerlərdə xeyli sayda silah-sursat tapılıb. Manvel Qriqoryan Konstitusiyanın 96-cü maddəsinə uyğun olaraq, ölkə prezidentinə deputatın saxlanıldığı barədə  dərhal məlumat verilib.

Son günlər onun oğlunun mer vəzifəsindən getməsi tələb olunsa da, ata-bala buna dirəniş göstərirdi.

General Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.