AZAL prezidentinin həbs etdirdiyi iş adamı: SONA QƏDƏR MÜBARİZƏM DAVAM EDƏCƏK

  • By admin
  • 19 Fevral 2022 09:13

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun 6 il azadlıqdan məhrum edilməsi barədə hökmdən apellyasiya şikayəti veriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Bizimyol.info-ya iş adamının vəkilləri məlumat verib.

Müdafiəçilər bildirib ki, İlqar İsmayılov haqqında hökm qanunsuz və əsassızdır. “Bakı Ağır Cinayətlər Məhkəməsində aylarla davam edən məhkəmə prosesi, əksinə, onun təqsirsiz, ittihamların isə uydurma olduğunu sübuta yetirdi. İnsafən, hakimlər araşdırma aparmağa tam olmasa da, nisbətən şərait yaratmışdılar. Bunun da nəticəsində xeyli həqiqətlər ortaya çıxdı. Məlum oldu ki, İlqar İsmayılovun “İdeal”ın kassasından 680 min manat götürməsi barədə saxta ittihamı təsdiqləmək üçün kserosurət qəbzlərdən başqa heç nə yoxdur”, – vəkillər bildirib.

Müdafiəçilərin sözlərinə görə, həmin dövr ərzində, əksinə, İlqar İsmayılovun özünün şirkətin kassasına 5 milyon manatdan çox vəsait köçürdüyünü təsdiqləyən mötəbər sübutlar var.
İş adamı özü də son sözündə bildirib ki, özünü təqsirli bilmir. Onun sözlərinə görə, 1999-cu ildə təkbaşına yaratdığı “İdeal” şirkətinin bir hissəsini 2011-ci ildə AZAL prezidentinin xanımı Zərifə Həmzəyevaya satıb. İlqar İsmayılovun sözlərinə görə, şirkətin həmtəsisçisinə çevrilən Zərifə Həmzəyeva sonradan onda qalan> payı da ələ keçirmək istəyib. O, könüllü şəkildə payını vermək istəməyib. Belə olan halda, 2017-cı ildə onun barəsində cinayət işi başlanıb, həbs edilib, payını vermək barədə notarial qaydada razılığı alınandan sonra azadlığa buraxılıb. 2018-ci ilin yanvarında isə həmin cinayət işinə xitam verilib.
“Həmin cinayət işinin mahiyyəti, maddələr bu cinayət işi ilə eyni idi. O işdə də audit rəyini eyni şirkət vermişdi. Sonda cinayət işinə xitam verildi. Xitam qərarında indiki Baş prokuror Kamran Əliyevin imzası var. O zaman Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi idi. Qanunlar, Azərbaycanın qoşulduğu konvensiyalar deyir ki, şəxs eyni əmələ görə cəzalanıbsa, yaxud bəraət alıbsa, ikinci dəfə mühakimə oluna bilməz. Eyni məsələ ilə bağlı araşdırma aparılıb, xitam verilib. Mən susmadığıma görə yenidən eyni saxta işdən istifadə olundu. Məhkəmə də ittihamın əsassız, uydurma olduğunu ortaya qoydu. Bu uydurma ittiham əslində, mənim hüquqi müstəvidə başladığım mübarizəyə qarşı yönəlmiş maneədir. Amma nə olursa olsun, əlimdən zorla alınmış haqqım bərpa edilənə qədər mübarizəmi davam etdirəcəm”, – İlqar İsmayılov bildirib.
İlqar İsmayılov 2021-ci il aprelin 5-dən həbsdədir. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.
Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.
“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb.
Bu iki şirkət “Adore Company”ə daxil edilib.
AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarıdır. O, həm də kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.

Gununsesi.info