Bələdiyyə sədrini öldürənin məhkəmə istintaqı başa çatıb

  • By admin
  • 08 Sentyabr 2016 13:20

vesile

Sentyabrın 8-də  Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi hakim Fikrət Qəribovun sədrliyi ilə davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, prosesdə şahidlər ifadə veriblər. Şahidlərdən  Əli Məmmədov ifadəsində bildirib ki, Saray qəsəbəsindən 6 000 AZN-ə torpaq alıb. Həmin, torpağın sənədləşməsi ilə bağlı müəyyən gecikmə olsa da, bu, sonradan həll olunub.

Digər şahid Namiq Həsənov isə torpaq almaq üçün bələdiyyə sədri Vəsilə Əbilhəsənovaya 56 000 AZN versə də, hələ də ona torpaq sahəsinin verilmədiyini bildirib.

Prosesdə Fədail Hüseynovun qohumu, bələdiyyədə tikinti şöbəsinin müdiri olan Seymur Məmmədov da ifadə verib. O bildirib ki,  özünə torpaq sahəsi almaq üçün V. Əbilhəsənivaya 42 500 AZN verib.

Hakim Fikrət Qəribov məhkəmə istintaqının başa çatdığını elan edib. Daha  sonra dövlət ittihamçısı Fərid Nağıyev çıxış üçün vaxt istəyib.

Hakim prosesin sentyabrın 22-də davam etdiriləcəyini elan edib.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən F. Hüseynov saxlanılıb.

Gülnaz Qənbərli

Gununsesi.info