Elmira Axundova: “Qurban Bayramı ilə bağlı əfv olmayacaq”

  • By admin
  • 08 Sentyabr 2016 13:30

elmira

“Qurban Bayramı ilə bağlı əfv olmayacaq”.

Bu haqda Gununsesi.info-ya Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili  Elmira Axundova açıqlamasında deyib.  Millət vəkili qeyd edib ki, bununla bağlı komissiyanın iclası keçirilməyib: “Yaxın günlərdə Əfv Komissiyasının iclasının keçiriləcəyi də gözlənilmir.   Amnistiya aktı yenicə başa çatıb. Buna baxmayaraq, əfv sərəncamının verilməsi birbaşa prezident İlham Əliyevin müstəsna səlahiyyətinə aid olan məsələdir”-, deyə E.Axundova bildirib.

Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı 2016-cı ilin mart ayında verilib. Prezidentin imzaladığı sərəncam əsasən əfv 148 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər. Həbsdən azad edilənlər arasında tanınmış insanlar da var.

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli qərarına əsasən amnistiya aktı hazırkı vaxtadək 9 minə yaxın şəxsə tətbiq olunub.

Gülnaz Qənbərli

Gununsesi.info