
“Bu gün Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur”.
Gununsesi.org xəbər verir ki, bu sözləri mediaya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, YAP bələdiyyələrin sayının azaldılmasını təklif edir: “Heç onların çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir. Belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə nə ehtiyac var axı?! Ona görə də hesab edirik ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”.
S.Novruzov qeyd edib ki, bununla bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini istəyirlər: “Eyni zamanda hesab edirik ki, artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin, yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Bu yöndə də Seçki Məcəlləsinə dəyişikliklər olunmalıdır. Əgər bunlar olarsa, o zaman bələdiyyələrin fəaliyyəti arzuolunan səviyyəyə çata bilər. Onu da deyim ki, hələ seçkilərə vaxt var. Odur ki, zamanı gələndə bu məsələləri reallaşdırmağa çalışacağıq”.
YAP rəsmisi bələdiyyə seçkilərinin də öz vaxtında keçiriləcəyini, burada hansısa dəyişiklik edilməyəcəyini deyib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə institutunun yaranmasının gələn il 20 ili tamam olur. İlk bələdiyyə seçkisi 1999-cu ilin dekabrında keçirilib. 2019-cu ilin dekabrında bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı dövlət büdcəsindən 53 milyon 900 min manat vəsaitin ayrılması nəzərdə tutulub.
“Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Qanunda bildirilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyələrin səlahiyyət müddətində qüvvədədir. 18 yaşı tamam olan Azərbaycan vətəndaşlarının bələdiyyələrə üzv seçmək və seçilmək hüququ var.
Bələdiyyələrə seçkiləri Azərbaycan Respublikasının prezidenti təyin edir. Bələdiyyələrin səlahiyyətlərinin qurtarmasına ən geci 120 gün qalmış yeni seçkilər təyin edilir.
Qanuna uyğun olaraq majoritar seçki sistemi əsasında seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:
500-dən az əhalisi olan ərazilərdə – 5 bələdiyyə üzvü;
500-dən 1000-dək əhalisi olan ərazilərdə – 7 bələdiyyə üzvü;
1000-dən 5000-dək əhalisi olan ərazilərdə – 9 bələdiyyə üzvü;
5000-dən 10000-dək əhalisi olan ərazilərdə – 11 bələdiyyə üzvü;
10000-dən 20000-dək əhalisi olan ərazilərdə – 13 bələdiyyə üzvü; 20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü; 50000-dən 100000-dək əhalisi olan ərazilərdə – 17 bələdiyyə üzvü; 100000-dən 300000-dək əhalisi olan ərazilərdə – 19 bələdiyyə üzvü.
Bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.












