Oğurlanaraq zorakılığa məruz qalan Bəxtiyar Hacıyevi nazir qəbul etdi - AÇIQLAMA

  • By admin
  • 23 Aprel 2022 16:55

Son zamanlar DİN rəhbərliyini sərt ifadələrlə tənqid edən tanınmış siyasi fəal Bəxtiyar Hacıyev dünən axşam saatlarında naməlum şəxslər tərəfindən oğurlanaraq zorakılığa məruz qalıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Hacıyevin özü bəyanat yayıb:

”M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilimə yaxınlaşanda zibil qablarının arasından bir nəfər üstümə hücum çəkdi. Bu anda 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirərək məni naməlum istiqamətdə apardılar.

Bir müddət getdikdən sonra məni düşürüb başqa maşına keçirdilər,  sonra məni qaranlıq bir yerdə, mənzilin hamam hissəsinə gətirdilər. Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, V.Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim. Mən heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb, üzərimə sidik ifraz etmək kimi nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və fuad muradov ilə bağlı postlarımı silim və bu tələblə əksər postları sildirdilər.

Bütün prosesin Go-Pro vasitəsilə çəkilişini edirdilər. Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə bağlı xəbərdarlıq etdilər. Bundan sonra yenə gözlərimi bağlayıb, gətirdilər naməlum bir yerə. Orada da başqa maşın və 4 şəxs təhvil aldı, o da bir müddət sürdükdən sonra qaranlıq, düzənlik bir yerdə gözlərim və əllərim arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürdülər.

Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış yox idi. Bir müddət gözlədikdən sonra əraziyə daş boşaldan bir Kamazın gəldiyini gördüm. Sürücü məni yol kənarına qədər gətirdi, oradan da taksi ilə şəhərə qayıtdım. Sürücü məni götürəndə ərazinin Ramana qəsəbəsi olduğunu dedi.

Dünən  bir neçə rəsmi şəxsə və qurumlara müraciət etdim. Mənə ölkə rəhbərinin məsələdən məlumatlı olduğu bildirildi. Dünən deyildi ki, V.Eyvazov sizinlə görüşəcək, bu hadisənin DİN tərəfindən həyata keçirilmədiyi barədə məlumat veriləcək. Xahiş edildi ki, səbrli olum və nazirin mövqeyini gözləyim. Mən də gözlədim.

Sonra deyildi ki, bu gün səhər nazir görüşəcək. Məni DİN-ə apardılar, orada isə nazirin müavini İsmət Əliyev görüşdü. İlk 10-15 dəqiqədən artıq məlum oldu ki, görüşü davam etməyin mənası yoxdur”.

Bəxtiyar Hacıyevin bu bəyanatından sonra DİN rəhbəri Vilayət Eyvazov onu şəxsən dinləyib.

 

Bu barədə Gununsesi.info-ya nazirliyin sözçüsü Elşad Hacıyev bildirib:

”Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”.

 

Gununsesi.info