“Bəxtiyar Vahabzadənin oğlu ev məsələsində bizə kömək etmək istədi, alınmadı…” - Xalq artistinin xanımı və şəhid anasının acı həyat "hekayə"si...

  • By admin
  • 20 Yanvar 2017 23:31

salayeva

Xalq artisti, Akademik Milli Dram Teatrının mərhum aktyoru Həsənağa Salayevin həyat yoldaşı Sərvət Salayeva PrimeTime.Az-ın “Tet-a-Tet” rubrikasının qonağı olub, geniş müsahibə verib.

Gununsesi.info PrimeTime.Az-a istinadən müsahibəni olduğu kimi təqdim edir:

– Sərvət xanım, evinizin olmadığını bilirəm. Həsənağa müəllimin sağlığında teatrın binasında yaşadığınızı eşitmişəm. Sonralar sizi evlə təmin etmədilər?

– Həsənağanın ata-baba evi indiki Abdulla Şaiq küçəsində olub. Ailə qurandan sonra teatrın ona təqdim etdiyi evdə yaşadıq. O zamanlar Azdrama, Musiqili Komediya Teatrının binasında yerləşirdi. Teatrın 100 illiyində Heydər Əliyev, aktyorlara indiki Hökumət Evi ilə üzbəüz binadan ev vermişdi. Həmin siyahıda Həsənağa Salayevin də, adı var idi. Mən köçmək istəyirdim. Həsənağa razı olmurdu.

– Buna xüsusi səbəb var idi?

– Gedib evə baxmışdı. Bəyənməmişdi. Deyirdi ki, “otaqlar balacadır, alçaqdır. Mən, geniş, hündür evlərdə yaşamağı sevirəm. Orada ürəyim sıxılar”. Rəhmətlik İsmayıl Dağıstanlıya da həmin evlərdən vermişdilər. Onun dəfnindən dönəndən sonra qəti qərar verdi ki, “Çox darısqal evdir. Köçməyəcəm”. Həsənağa xəstə olanda evlə bağlı bir neçə quruma müraciət etdim. Amma alınmadı. Rəhmətə gedəndən sonra teatrın binasını sökdülər və bizə keçmiş Karl Marks (indiki Ziya Bünyadov) prospektindən ev verdilər. Amma orada yaşamaq mümkün deyildi. Lift işləmirdi, binanın şəraiti pis idi. Kiçik oğlum xəstə olanda, həmin evi satmağa məcbur oldum. 2008-ci ildən şəhid anası kimi ev siyahısındayam. Artıq 9 ildir gözləyirəm.

– Sərvət xanım, Həsənağa Salayev Bəxtiyar Vahabzadə ilə yaxın dost olub və Bəxtiyar müəllimin ən çətin günlərində ona kömək edib…

– Hə, bu barədə Bəxtiyar Vahabzadə sağlığında danışıb. Həqiqətən yaxın dost olublar. Həsənağa onun xətrini həmişə əziz tutub.

– Ev məsələsi ilə bağlı Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadəyə də müraciət etdiyinizi eşitmişəm…

– Elə bir şey olub. İsfəndiyar Vahabzadənin yanına getmişdim. Kömək eləməyə çalışdı. Amma alınmadı. O zamanlar Bəxtiyar müəllim hələ sağ idi.

– Sərvət xanım, Həsənağa müəllim gec ailə qurub. Tanışlığınız necə olub?

– Həsənağa ilə aramızda 17 yaş fərq olub. Biz tanış olanda Həsənağanın 38, mənim 21 yaşım var idi. Onun bacısının oğlu mənim qardaşımla dost idi. Bizə gəlib-gedirdi. Bir dəfə dayısına deyib ki, ” Fikrətin yaxşı bacısı var. Gəl, sizi tanış edək.” Həsənağa mənim yaşımla maraqlanıb. Deyiblər ki, 28-29 yaşı var. Günlərin birində Həsənağanın bacısı, aktyor Eldəniz Zeynalovun anası mənə dedi ki, “Rus dilini bilmirəm. 160 saylı məktəbin yanına getməliyik. Mənə köməyin lazım olacaq”. Etiraz etmədim. Məktəbin yanına çatanda “milis” formasında, saçları təzəcə ağarmağa başlayan bir kişi bizə tərəf yaxınlaşdı. Mənə çox diqqətlə baxdı və çıxıb getdi. Düzü, heç nə başa düşmədim.

– Siz Həsənağa Salayevi aktyor kimi tanımırdınız?

– Mən rus məktəbini bitirmişdim. Hərdən Rus Dram Teatrına gedirdim. Ona görə də Azdramanın aktyorlarını tanımırdım. Həsənağanı “milis” formasında heç tanımadım.

– “Milis” formasında niyə gəlmişdi?

– (Gülür) Həmin vaxt “Onu bağışlamaq olarmı” filminə çəkilirdi. Filmin sonuncu çəkilişlərindən çıxıb, birbaşa mənə baxmağa gəlmişdi. Məni görəndən sonra evə qayıdıb və bacısına deyib ki, “Məni niyə aldatmısınız? Onun 28 yaşı ola bilməz. O, qız lap uşaqdır. Məndən çox gəncdir”. Sonradan evə zəng elədi. Anamla, atamla tanış oldu. Mənim ağlıma onunla bağlı heç gəlmirdi. Düşünürdüm ki, nə ola bilər? Yaşlı kişidir. Mən ona necə ərə gedəcəm? Bir sözlə, ona qarşı ilk vaxtlarda münasibətim çox soyuq idi. Həsənağa bunu hiss etmişdi. Bir dəfə dedi ki, “Xanım qız, istəmirsinizsə, mən sizə zəng etmərəm”. Mən heç nə demədim. O zaman Rəssamlıq məktəbində oxuyurdum. Tələbə yoldaşlarımın ondan xoşu gəlirdi. Həsənağanın tamaşalarını tərifləyirdilər.

– Yaraşıqlı kişi olub…

– Hə, yaraşıqlı idi. Amma mən çox gənc olduğuma görə, bunu hiss etmirdim. Ona heyranlığım “Fərhad və Şirin” tamaşasından sonra yarandı. Bizim evə çoxlu bilet göndərmişdi. Bütün ailə yığışıb, tamaşaya getdik. Onun Fərhadını çox bəyəndim. Həmin gün Həsənağaya aşiq oldum. Sonra evləndik. Yaxşı yaşadıq. Rəfiqələrim soruşurdular ki, “Yəni onun çatışmayan cəhəti yoxdur?”. Deyirdim ki, yoxdur, görməmişəm.

– Doğrudan çatışmayan cəhəti yox idi?

– Yox idi. Təkcə bir şey var. Bərkdən danışardı, tez əsəbləşirdi.

– Çılğın olub…

– Hə, çox əsəbi, çılğın, amma gözəl, ürəyitəmiz, alicənab xarakterli insan idi. Həsənağadan kobud söz, hərəkət görmədim. Mənə dəyər verirdi. – Cavan, gözəl xanım olmusunuz. Həsənağa müəllim də yaraşıqlı bəy idi.

-Onu qısqanırdınız?

– Qısqanmırdım. Düşünürdüm ki, bu onun işidir. Həm də özümdən çox razıydım (gülür). Axı, mən ondan çox cavan idim. Fikirləşirdim ki, mənim kimi cavan xanımı var. Başqasına baxmaz. Evimizə tez-tez Rübabə Muradova zəng edərdi. Bir dəfə Həsənağa mənə işarə etdi ki, paralel telefonu qaldırıb, qulaq asım. Rübabə xanım, oxuyurdu. Necə gözəl səsi var idi. O zaman bunu dərk etmirdim. Rusdilli olduğuma görə, xalq mahnılarına, muğamlara bələd deyildim. Həsənağa məni savadlandırırdı, öyrədirdi. Mənə azərbaycan dilində yaxşı danışmağı, qəzəlləri, şerləri Həsənağa öyrətdi. Bir dəfə Füzulinin qəzəllər kitabını mənə verdi və dedi ki: “Xanım qız, işin yoxdursa, gəl otur və bu qəzəli oxu”.

– Sizə “xanım qız” deyə müraciət edirdi?

– Hə, həmişə xanım qız deyərdi. Hərdən Sərvət xanım deyə müraciət edəndə bilirdim ki, nədənsə narazıdır.

– Maraqlıdır. Füzulini başa düşmək çətin olmurdu?

– (Gülür) Çox çətin idi. Sətir-sətir oxuyurdum. Məndən soruşurdu ki, “Xanım qız, nəyi başa düşdün?”. Bir və ya iki söz başa düşdüyümü deyirdim. Səbrlə başa salırdı. Məhəmməd Füzulini mənə sevdirən Həsənağa oldu. İlk dəfə Məhəmməd Əmin Rəsulzadə haqqında Həsənağadan eşitmişəm. Onun barəsində mənə danışırdı.

– Hələ o dövrdə?

– Bəli. Qızım, Həsənağa hərtərəfli adam idi. Çoxlu mütaliə edirdi. Məhəmməd Əmin Rəsulzadədən, Müsavat hökumətindən mənə məlumat verirdi. Onun qorxu hissi yox idi. Həsənağa Sovet quruluşuna nifrət edirdi. Bu səbəbdən də onu xarici səfərlərə aparmırdılar. Bir neçə dəfə adı yazılmışdı, amma siyahıdan pozmuşdular.

– Məhəmməd Füzulini mütaliə edirdi. Başqa şairlərdən kimi sevirdi?

– Ən çox türkləri oxuyardı. Türklərə sevgisi çox idi. Nazim Hikməti sevirdi. Nazim Hikmət Bakıya gələndə onunla görüşərdi. Görüş Bəxtiyar Vahabzadənin evində olurdu. Nurəddin Rzayev, Xudu Məmmədov da həmin məclislərdə iştirak edərdi. Sonra İrandan Səhənd, Almaniyadan Əhməd Şimid gəlirdi. Bütün görüşlərdə ailəvi iştirak edərdik. Onlar söhbət edərdi, biz xanımlar da qulaq asardıq. Amma Nazim Hikmətin Rusiyada qalması və rus qadınla evlənməsini bəyənmirdi. Sovetlərə o qədər nifrət edirdi ki, bir dəfə “Əgər məndən sonra bu quruluş dağılsa, qəbrimin üstünə gəlib, mənə deyərsən” demişdi. 1993-cü ildə müstəqilliyimiz bərpa olunanda Həsənağanın məzarını ziyarət edib, ona bu xəbəri çatdırdım. Mən inanıram ki, Həsənağanın ruhu məni duydu və rahat oldu.

– Sərvət xanım, məzarını tez-tez ziyarət edirsiniz?

– Əvvəllər tez-tez gedərdim. Son illər ayağıma görə, gedə bilmirəm.

– Həsənağa Salayev insanlarda hansı keyfiyyətləri bəyənirdi və ya əksinə nəyi sevmirdi?

– Yalanı heç sevmirdi. Özü də yalan danışmazdı. Məhz bu xasiyyətinə görə, ona sevgimlə yanaşı, böyük hörmət bəsləyirdim. Hamıya kömək etməyə çalışardı. Kömək üçün kim müraciət etsə, qapıdan qaytarmazdı. O zamanlar qubalı gənc aktyor var idi. Adını unutdum.

– Məcnun Hacıbəyov?

– Hə, Məcnun. Onun ev problemi var idi. Həsənağaya kömək etməsi üçün müraciət etdi. Həsənağa kömək etdi və Məcnun ev aldı. Hər kəsə qarşı səxavətli, mərhəmətli olub. Mənim qohumlarıma, doğmalarıma, özünün dostlarına qarşı çox səxavətli, əliaçıq adam idi. Hərdən deyirdim ki, “Ay Həsənağa, bu qədər ərzağı niyə alırsan? Hər şey var. Bu qədər xərc eləmə”. Deyirdi ki, “Nə qədər mən sağam, belə olacaq”.

– Dostcanlı olduğunu dediniz. Sənət dostlarından kiminlə yaxınlıq edirdi?

– Sənətdə yaxın dostu Müxlis Cənizadə idi. Onun xətrini çox istəyirdi. Müxlis də cavan rəhmətə getdi. Qadın aktrisalardan Mirvari Novruzova ilə yaxın idi. Eyni kursda oxumuşdular. Onunla söhbəti tuturdu. Mirvari xanım ona “Qasançik” deyərdi.

– Sərvət xanım, Həsənağa müəllimin ev üçün aldığı əşyalardan nəsə qalıb?

– Demək olar heç nə. Həsənağa xalçaları çox sevirdi. Evə çoxlu xalça alardı.

– Həmin xalçalar satıldı?

– Hə, qızım. Həsənağanın vəfatından sonra oğlanları tək böyütmək çətin idi. Nəinki xalçalar, hər şey satıldı. Qızıllar, gümüş qablar. Hər şey. Satılan satıldı, satılmayan da talan oldu.

– Necə yəni talan oldu?

– 1991-cü ildə vəziyyət pis idi. Teatrın bizə verdiyi evi sökməyə başladılar. Həmin ərəfədə məni maşın vurdu və ayağım sındı. Dörd ay xəstəxanada ağır vəziyyətdə qaldım. Böyük oğlum Dəryanur məni tək qoymadı. Kiçik oğlum isə evdə qalmışdı. Evi sökməyə başlayırlar. Qazı, suyu, işığı kəsirlər. Həyətdə işləyən fəhlələr sahibsiz görüb, evə yerləşirlər. Sonradan oğlum evə qayıdanda onları görüb, qovur. Bir dəfə də, kiçik oğlum evə gəlir, görür ki, bomjlar evin ortasında, parketin üstündə ocaq qalayıb. Uşaq bərk qorxur, amma qışqırıb onları qovur. Beləliklə, evimiz tarımar oldu. Xəstəxanadan çıxandan sonra evimi dağıdılmış gördüm. İki uşaqla anamın yanına sığındım. Çox əziyyət çəkdim. Həsənağadan sonra başım bəlalar çəkdi.

– Sərvət xanım, peşman deyilsiniz?

– Nəyə görə?

– Həsənağa Salayevlə ailə qurduğunuza görə…

– Yox, qızım. Qətiyyən peşman olmadım. Həsənağa rəhmətə gedəndə 43 yaşım var idi. Hamı mənə deyirdi ki, cavansan, ömrünü puç eləmə, yenidən ailə qur. Amma Həsənağa kimi insanı tapa bilməzdim. Onunla hər şey bitdi. Balalarımı saxladım, işlədim və qocaldım.

– Sərvət xanım, böyük oğlunuz Dəryanur Qarabağda şəhid olub…

– Dəryanur bir başqa oğul idi. Rəssamlıq məktəbini bitirmişdi. İnstitutda təhsilini davam etdirirdi. 30 yaşı var idi. Hələ evlənməmişdi. Ağır illər idi. Könüllü cəbhəyə getdi, heç iki ay çəkmədi ki, qara xəbəri gəldi.

– İkinci oğlunuz nə zaman vəfat edib?

– Artıq beş ildir. 45 yaşı var idi. Qaraciyərində problem var idi. Həm də ürək çatışmazlığından əziyyət çəkirdi. Oğlum subay idi.

– Nə üçün 45 yaşına qədər ailə qurmayıb?

– Evsiz qaldıq. Kirayələrdə necə evləndirəydim? Vaxt ötdü, sonradan da belə oldu.

– O da rəssam idi?

-Yox, təkcə böyük oğlum Dəryanur rəssam idi. Rəşad Nuri rəssamlığı seçmədi.

– Ataları kimi aktyor olmaq istəmirdilər?

– Dəryanur aktyor olmaq istəyirdi. Həsənağaya zahirən çox bənzəyirdi. Təhsilini rus məktəbində almışdı. Həsənağa milli ruhlu insan olub. Dəryanuru rus məktəbinə qoyanda acığı gəldi. Məni danladı. Amma məcbur olmuşdum. Bilirsiniz, mən rus məktəbini bitirmişəm. Uşağın dərsləri ilə məşğul olmaq üçün rus məktəbində oxuması rahat olardı. Başqa çarə yox idi. Amma kiçik oğlumun rus məktəbinə getməsinə icazə vermədi. İkinci oğlum ingilis təmayüllü məktəbi bitirdi. Amma davam etdirmədi.

– Oğlanlarınızın gözəl adları olub. Dəryanur, Rəşad Nuri…

– Hər ikisinin adını Həsənağa qoymuşdu. Dəryanur atasının adı idi. Rəşad Nurini isə türk yazıçısının şərəfinə elə adlandırdı. Rəşad Nuri Güntəkini çox bəyənirdi. Bütün əsərlərini mütaliə edirdi.

– Teatrda ən sevdiyiniz obraz Fərhad olub. Bəs kinoda?

– Kinoda az çəkilib. Ona görə, bütün rollarını bəyənirəm. Həsənağa teatrı çox sevirdi. “Dəli Kür” filmi çəkiləndə Cahandar ağa obrazına namizədlər arasında Həsənağanın da adı var idi. İsmayıl Şıxlı Həsənağanın çəkilməsini çox istəyirdi. Amma səhhətində olan problemlər ucbatından Həsənağa roldan imtina etdi. Yüksək qan təzyiqi olduğuna görə, ata minmək ona çətin idi. Ona görə çəkilmədi. Amma filmdə Cahandar ağanı Həsənağa səsləndirib. Özü çəkilməsə də, səsi yadigar qaldı.

-“Aygün” filmindəki Əmirxan obrazının ona bənzədiyini deyirlər?

– Heç bənzəmirlər. Əmirxanın yaxşı cəhətləri var. Amma Əmirxan kobuddur, qısqancdır. Həsənağa elə deyildi. Əmirxan Aygünü sevdiyi işlə məşğul olmağa qoymur. Amma Həsənağa mənə təhsilimi yarımçıq qoymamağı məsləhət gördü. Deyirdi ki: “Gələcəyini düşün. Sən yaxşı rəssam olacaqsan”. Bu gün Həsənağaya rəhmət oxuyuram. Necə uzaqgörən, ağıllı adam idi. Yaxşı ki, vaxtında oxudum, təhsilimi davam etdirdim. İndi müəlliməyəm. Rəssamlıqdan dərs deyirəm.

– Sərvət xanım, övladlarınızdan heç biri atasının yolunu davam etdirmədi, amma bacısı oğlu dayısının sənətinə sahib çıxdı…

– Eldəniz Zeynalovu deyirsiniz? Elədir, Eldəniz Həsənağanın sənətini davam etdirdi. Amma Eldəniz komediya aktyoru oldu. Həsənağa dram aktyoru idi. Eldənizi çox istəyirdi. Ümumiyyətlə, Həsənağa istedadlı gəncləri çox sevirdi. Rəhmətlik, Hamlet Xanızadəni də çox bəyənirdi.

– Son dəfə Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” əsərində çıxış edib?

– Əsərdə professor obrazını ifa edirdi. Tamaşaya quruluşu Nəsir Sadıqzadə vermişdi. Həmin tamaşa son oldu. 1975-ci ildə ilk dəfə infarkt keçirmişdi. Sonradan isə iflic oldu. Bir daha səhnəyə çıxa bilmədi. Evdə çətinliklə gəzirdi. Nitqi tamam pozulmuşdu.

– Sərvət xanım, xəstə olanda yanına gələn, onunla maraqlanan var idi?

– Yox. Bəxtiyar Vahabzadədən başqa heç kim gəlmirdi.

– Sənət yoldaşları gəlmirdi?

– Heç kim gəlmədi. Ona görə də hamıdan incik idi. Heç kimi görmək istəmirdi.

– Leyla Bədirbəyli, Nəcibə Məlikova ilə tərəf müqabili olub. Heç onlar da gəlmədi?

– Onlar yasa gəldilər. Sağlığında gələn olmadı. Həsənağa 1981-ci il oktyabrın 2-də evdə dünyasını dəyişdi. 59 yaşı var idi.

Ülviyyə Həsənqızı

Gununsesi.info