Bakı Apellyasiya Məhkəməsi Samir Aşurovu həbsdə saxladı

  • By admin
  • 29 Aprel 2022 11:41

Bakı Apellyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə Almaniyadan readmissiya olunandan sonra Nizami rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilən siyasi fəal Samir Aşurovun şikayətini təmin etməyib.

Gununsesi.info xəbər verir ki, məhkəmə Aşurovu həbsdə saxlayıb.

Aşurovun həyat yoldaşı Nuranə Aşurova deyib ki, dünən, aprelin 27-də Şüvəlan qəsəbəsində, 3 saylı İstintaq Təcridxanasında onunla görüşüb.

“Onunla birbaşa təmasımız olmadı. Sadəcə Samir şüşə arakəsmənin arxasında idi. O bildirdi ki, təcridxanada fiziki və mənəvi təzyiqə məruz qalıb. Samirin ailəsi ilə telefonla əlaqə saxlamasına imkan vermirlər. Səhətində ciddi problemlər yarandığından aprelin 19-dan başladığı aclığı dayandırıb,” o qeyd edib.

Samir Aşurov aprelin 19-da saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, aprelin 19-da paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyyəsinə bıçaqla xəsarət yetirib.

Aşurova qarşı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb. İttiham sübut olunarsa Aşurovu 6 ildən 11 ilədək həbs gözləyir. Aprelin 21-də Nizami rayon Məhkəməsi siyasi fəal barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Aşurov ittihamı qəbul etmir və saxta adladırır. O bu il martın 29-da Almaniyadan readmissiya olunub.

Günay

Gununsesi.info