
Ermənistanın işğalçı ordusunun iyulun 4-də cəbhə xəttində dinc sakinləri hədəf seçməklə növbəti təxribat xarakterli hərəkətləri münaqişə bölgəsində mürəkkəb olan durumu bir az da mürəkkəbləşdirərək, Azərbaycan tərəfinin səbrini tarım vəziyyətinə çəkib. Yaranmış vəziyyət Azərbaycan tərəfinin səbr kasasını daşırmaq həddinə çatdırıb.
Erməni silahlı birləşmələrinin iyulun 4-də insanlığa sığmayan vandalizm hərəkətləri təbii ki, Azərbaycan tərəfinin adekvat reaksiya verməsini labüd edirdi və bu reaksiya da oldu.
Cəbhə xəttində baş verən son gərginlik bir neçə məqsədə xidmət edir. Əsas məqsəd qarşıda gələn danışıqlar prosesini pozmaq və əsas hədəfdən yayındırmağa xidmət edir. Ermənistan belə təxribatlara əl atmaqla ölkə daxilində yaranmış böhrandan ictimaiyyətin diqqətini yayındırıb cəbhə xəttinə yönəltməkdir. Çünki 2016-ci ilin aprelindən sonra uzun illər boyunca regionun siyasi və iqtisadi həyatından təcrid olunmuş, iqtisadi tənəzzül, sosial gərginlik şəraitində yaşayan Ermənistan indi siyasi və hərbi sahədə ardıcıl məğlubiyyətlə üzləşir. Mövcud vəziyyət Sarkisyanın cinayətkar rejiminin ölkə daxilində və xaricdə dayaqlarını ciddi şəkildə sarsıdıb və indiki rejimə olan nifrətini daha da gücləndirməkdədir. Ona görə də vəziyyətdən çıxış yolu kimi Sarkisyan dinc azərbaycanlı əhaliyə qarşı davamlı şəkildə qanlı cinayətləri sanksiyalaşdırmaqla bir tərəfdən daxildə ona qarşı olan təzyiqləri neytrallaşdırmağa və hakimiyyətinin ömrünü uzatmağa, digər tərəfdən isə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı əhalidə vahimə, psixoloji gərginlik yaratmağa çalışır. Lakin Sərkisyanın bütün bu cəhdləri fiaskoya uğrayır.
Yuxarıda qeyd etdiyimiz kimi iyulun 11-də ATƏT-in təşkilatçılığı ilə Avstriyada Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü olacaq və orada Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirə olunacaq. İrəvan substantiv danışıqlar prosesinə mane olmaq üçün bu cür təxribatlara əl ataraq vəziyəti daha da gərginləşdirməyə çalışacaq.
Azərbaycan nə etməlidir?
Belə olan şəraitdə istər-istəməz Azərbaycan nə etməlidir sualı meydana çıxır. Azərbaycan danışqlar prosesinin fiaskoya uğraması, cəbhə xəttində gərginliyin yaranmasında və mülki şəxslərin ölümü ilə bağlı məsuliyyəti ATƏT-in üstünə qoymağa cəhd etməlidir və siyasətini bu istiqamətində qurmalıdır. Bakı bildirməlidir ki,məhz ATƏT-in 25 illik uğursuz və nəticəsiz vasitəçilik missiyası nəticəsində danışıqlar prosesində hər hansı proqresə nail olunmayıb. Bakı bəyan etməlidir ki, məhz ATƏT-in fəaliyyətsizliyi Ermənistanın təcavüzkarlıq siyasətinin təşviqinə xidmət edib və bu siyasət bu gün də davam etməkdədir. Bununla yanaşı, Bakı ATƏT qarşısında münaqişənin həlli ilə bağlı konkret tələblər qoymalıdır. Tələbdə işğala məruz qalanla işğalçı arasındakı bərabərlik işarəsi aradan qaldırılıb, işğlaçının işğalçı olaraq göstərilməsinə çalışmaq lazımdır. Bundan sonra işğalçıya qarşı beynəlxalq hüququn tələb etdiyi sanksiyalar tətbiq edilməlidir. Nə qədər ki, bunlar edilməyib Ermənistanın problemin danışıqlar yolu ilə həllində maraqlı olmayacaq və işğalçılıq siyasətini məhkəmləndirmək üçün status-kvonun qorunub saxlanması istiqamətində pozucu fəaliyyətini davam etdirəcək. Onu konstruktiv mövqeyə gətirilməsi üçünsə mütləq beynəlxalq aləmin təzyiqləri ilə bərabər, sanksiyalar tətbiq edilməlidir. Buna nail olmaq üşünsə məsuliyyət ATƏT və Minsk Qrupu həmsədrlərinin üzərinə qoyulmalıdır. Əgər ATƏT və onun münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün yaratdığı vasitəçi missiya məsuliyyəti üzərinə götürməyib, yenə də işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyub, əslində Azərbaycanı kompromislərə sövq edəcəklərsə, o zaman mənasız danışıqlar prosesini dayandırmalıdır. Və danışıqlar prosesinin dayandırmasını izah edən bəyanatla çıxış etməlidir və bütün bu addımlara görə bir daha ATƏT və Minsk Qrupu həmsədrlərini ittiham etməlidir. Nə qədər ki, Azərbaycan danışıqlar prosesində belə mövqe sərgilməyib mənasiz, səmərəsiz və Azərbaycanın maraqlarına uyğun olmayan danışıqlar prosesi uzanacaq.
Mürtəza Bünyadlı
Gununsesi.info