“Bakı-Tbilisi-Ceyhan” üzrə əməliyyat xərcləri 21 milyon dollar artıb

  • By admin
  • 06 Avqust 2021 16:31

2021-ci ilin birinci yarısında “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə 69 milyon dollardan artıq, əsaslı xərclərə isə 12 milyon dollardan artıq vəsait xərclənib.

“BP Azərbaycan”dan Gununsesi.info-ya verilən məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat xərcləri 43,8 faiz artıb, əsaslı xərclər isə 14,3 faiz azalıb.

“Ceyhan” terminalında ilk iki rüb ərzində BTC vasitəsilə ixrac olunan 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənmiş və yola salınıb. Bu 2020-ci ilin müvafiq dövründə əldə edilən nəticə ilə müqayisədə 2 milyon ton azdır.

BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 796 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Ko.”nun səhmdarları BP (30,1 faiz); AzBTC (25 faiz); MOL (8,90 faiz); Ekvinor (8,71 faiz); TPAO (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz), İTOÇU (3,4 faiz); İNPEKS (2,5 faiz), EksonMobil (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

Gununsesi.info