“Bakı və paytaxtın ətrafında bölgələr üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq”.
Gununsesi.info-nun məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.
Onun sözlərinə görə, ölkə ərazisində qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir və yaxın gələcəkdə layihə aidiyyatı qurumlara göndəriləcək.
Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: “Bakı kəndləri və paytaxt ətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq. Kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr modul tipli və ya mobil formada ola bilər. Hazırda onların standartları müəyyənləşdirilib və eskizlər çəkilib”.
Bundan başqa, Q. Təhməzli bildirib ki, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq:” Paytaxtın ətraf qəsəbələrində isə ancaq iri buynuzlu müvafiq heyvanları təsərrüfatda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq”.
Gununsesi.info